Bu gün

Namiq Əliyev: “Ən təhlükəsiz yol Zəngəzur dəhlizidir” - RƏY

“Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün Ermənistan tərəfi törədilən cinayətlərə görə öz günahını etiraf etməlidir”.

Bu fikirləri təhlil.az saytına Azərbaycanın Moldovadakı və Gürcüstandakı keçmiş səfiri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev açıqlamasında deyib.

Professor qeyd edib ki, Ermənistan rəhbərliyi son 35 ildə Azərbaycan xalqına qarşı törədilən cinayətlərə görə məsuliyyəti qəbul etmədən, günahını etiraf etmədən və tövbə etmədən onlara etibar etmək çox çətindir:

“Mən həmişə demişəm və bu gün də deyirəm ki, Ermənistan, erməni tərəfi etdikləri cinayətlərə görə tövbə etməyənə, günahını qəbul etməyənə qədər onlara inanmaq mümkün deyil. Onlar tez-tez etimad tədbirlərindən danışır, hər şeyi unutmağı və sülh qurmağı təklif edirlər. Ancaq heç nə unudulmayacaq. Azərbaycanın gələcək nəsilləri də bu cinayətləri xatırlayacaqlar. Bizimlə münasibət qurmaq istəyirlərsə, ilk növbədə tövbə etməlidirlər”.

Onun sözlərinə görə, bu gün erməni cəmiyyəti daxilən güclü günahkarlıq və qorxu hissi yaşayır, çünki törətdikləri əməllərin məsuliyyətindən yayınmağın mümkün olmadığını dərk edir:

“Bu qorxu onların davranışına təsir edir, səmimi əməkdaşlığa mane olur. Bu gün Ermənistan siyasətində də həmin psixoloji gərginlik hiss olunur. Onlar bu qorxudan azad olmayınca səmimi danışıqlar aparmaq iqtidarında deyillər. Bu hissin aradan qalxması üçün isə Ermənistan otuz illik işğala, qaçqınlara, dağıdılmış şəhər və kəndlərə, məhv edilmiş tarix və mədəniyyət abidələrinə görə məsuliyyəti etiraf etməlidir”.

N. Əliyev xatırladıb ki, Ermənistan hələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib:

“Beş il əvvəl imzalanmış üçtərəfli bəyanatda Ermənistan Zəngəzur dəhlizinə dair konkret öhdəlik götürmüşdü, lakin bu istiqamətdə indiyədək heç bir real addım atmayıb. Bunun fonunda Paşinyanın Türkiyədən Azərbaycana guya koridor açılması barədə bəyanatı siyasi manipulyasiyadan başqa bir şey deyil. Türkiyə Ermənistanla sərhədi açmayıb və Paşinyanın onun adından qərar verməsi absurddur”.

O vurğulayıb ki, Ermənistanın təklif etdiyi alternativ marşrut təhlükəli və qeyri-münasibdir:

“Təklif olunan marşrut dağ yolları, keçilməsi çətin serpantinlərdən ibarətdir. Biz hamımız 1980-ci illərin sonlarını xatırlayırıq – Ermənistan ərazisində Azərbaycan nəqliyyat vasitələri əvvəlcə daşqalaq edilir, sonra atəşə tutulurdu. Bu gün də Ermənistanda sülh prosesini pozmaq istəyən revanşist qüvvələr yetərincədir. Ermənistan hökuməti belə şəraitdə təhlükəsizliyi təmin etməyə qadir deyil”.

Professorun fikrincə, ən optimal, təhlükəsiz və beynəlxalq hüquqa əsaslanan marşrut Azərbaycan tərəfindən təklif olunan Zəngəzur dəhlizidir.

Rasim Babayev 

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?