1,38 milyon ziyarətçi qəbul edən Azərbaycan regionun turizm maqnitinə çevrilir - STATİSTİKA

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlilə görə, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana turizm məqsədilə gələn xarici vətəndaşların sayı 1 381 709 nəfər təşkil edib.
Son 4 ilin eyni dövrünü müqayisə etsək, görərik ki, Azərbaycana ən çox turist 2024-cü ilin yanvar-sentyabr aylarında gəlib. Daha dəqiq desək, həmin dövrdə ölkəyə 1 412 882 turist gəlib ki, bu nəticə də 2023-cü ilin göstəricisindən 35,3 faiz çox olub.
İşğaldan azad olunmuş Qarabağ bölgəsinin turizm potensialını dəyərləndirsək, yaxın illərdə Azərbaycana turizm məqsədilə gələnlərin sayında mühüm artım proqnozlaşdırmaq mümkündür. Belə ki, Şuşa, Kəlbəcər, Laçın və digər təbii və tarixi baxımdan zəngin ərazilərin turizm marşrutlarına daxil edilməsi həm turist axınını, həm də ölkənin ümumi turizm gəlirlərini artıracaq.

Cins bölgüsünə görə məlumatlar göstərir ki, 2025-ci ilin ilk 9 ayında kişi turistlərin sayı 842 294 nəfər olub və onların sayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,3% və ya 2 220 nəfər artım müşahidə edilib. Həmin dövrdə qadın turistlərin sayı isə 539 415 nəfər təşkil edib ki, bu da 2024-cü ilin yanvar-sentyabr aylarına nisbətən 5,8% və ya 33 393 nəfər azalma deməkdir.
Rəsmi rəqəmlər əsasında aparılan təhlilə əsasən, son illərdə ilk dəfədir ki, ölkəyə turist axınında qadınların sayında azalma qeydə alınıb. 2022–2024-cü illər ərzində qadın turistlərin sayı ardıcıl şəkildə artaraq 218 727 nəfərdən 379 167 nəfərə, daha sonra isə 572 808 nəfərə yüksəlib.
Daha dəqiq desək, 2023-cü ildə qadın turistlərin sayındakı artım tempi 73,4 faiz, 2024-cü ildə isə 51,1 faiz təşkil edib.
Kişi turistlərin sayına gəlincə, 2022-ci ildə bu rəqəm 569 090, 2023-cü ildə 665 114, 2024-cü ildə isə 840 074-ə bərabər olub.
Ümumilikdə, son 4 ilin ilk doqquz ayının nəticələrinə əsasən, Azərbaycana gələn xarici turistlər arasında kişi ziyarətçilər üstünlük təşkil edib.

2025-ci ilin yanvar–sentyabr aylarında Azərbaycana gələn xarici turistlərin böyük hissəsi bir neçə əsas ölkədəndir. Rəsmi rəqəmlər göstərir ki, Rusiya bu siyahıda liderliyini qoruyub. Bu ölkədən Azərbaycana ilk 9 ayda 387 954 turist gəlib ki, bu da ümumi turist sayının 28,08%-nə bərabər olub.
İkinci yerdə qardaş Türkiyə qərarlaşıb. İlk 9 ayda Türkiyədən ölkəmizə 159 831 nəfər gəlib. Bu, ümumi turist sayının 11,57%-ni təşkil edib.
Hindistandan gələn turistlərin sayı 122 836-ə bərabər olub və bu, ümumi göstəricinin 8,89%-ni təşkil edib.
Siyahının dövbəti pillələrində Səudiyyə Ərəbistanı (85 114 nəfər, 6,16%) və Qazaxıstan (64 393 nəfər, 4,66%) yer alıb.
Digər ölkələrdən gələn ziyarətçilərin ümumi sayı isə 561 581 nəfər olub ki, bu da ümumi turist axınının 40,64%-nə bərabər olub.
Ümumilikdə, 2025-ci ilin ilk doqquz ayının nəticələri göstərir ki, Azərbaycana gələn xarici turistlərin əksəriyyəti ənənəvi olaraq qonşu Rusiya və Türkiyədən olan turistlərdir.

İlk 9 ayda ölkəmizə gələn turistlərin böyük hissəsini (24,8%) 36-45 yaşlı turistlər təşkil edib. Onların sayı 342 858 nəfərə bərabər olub.
İkinci sırada isə 26-35 yaş aralığında olan turistlər yer alır ki, onların sayı 265 556 nəfər olub və ümumi turist sayının 19,2%-ni təşkil edib.
46-55 yaş aralığında olanlar ölkəmizə gələn turistlər arasında üçüncü sırada yer alıb. Onların sayı 262 373 nəfər olub və ümumi turist sayının 19%-ni təşkil edib.
66 və daha yuxarı yaşlı turistlər bu siyahının sonunda qərarlaşıb. Onların sayı cəmi 75 998 nəfər olub ki, bu da ümumi turist sayının cəmi 5,5%-ni təşkil edib.
