Yeni kadr siyasətinin konturları: Təvazökar məmur, güclü dövlət modeli - TƏHLİL

Prezident İlham Əliyevin yeni təyin edilmiş icra başçıları ilə görüşündə səsləndirdiyi fikirlər bir daha dövlət idarəçiliyində mənəvi keyfiyyətlərin, şəffaflığın və sosial ədalətin həlledici rol oynadığını göstərdi. Prezidentin “hər bir rəhbər, hər bir məmur təvazökar olmalıdır” çağırışı təkcə inzibati tapşırıq deyil, milli idarəçilik fəlsəfəsinin özəyinə çevrilən mənəvi prinsipdir. Dövlət başçısının vurğuladığı kimi, rəhbər şəxsin təkəbbürdən uzaq olması, xalqla səmimi davranması yalnız onun nüfuzunu artırmır, həm də dövlətin imicini qoruyur.
Bu fikir, əslində, Azərbaycan dövlət idarəçiliyi məktəbinin formalaşmaqda olan yeni modelini xarakterizə edir: dövlət məmuru artıq “hakimiyyət sahibi” deyil, xidmətçi, xalqın problemlərinin həlli üçün səlahiyyət verilmiş şəxsdir. Məmurun davranışı bir fərdin yox, bütöv dövlət sisteminin simasını formalaşdırır. Təkəbbür xalqla dövlət arasında uçurum yaradır, təvazökarlıq isə inam körpüsü qurur.
Prezident İlham Əliyev çıxışında korrupsiya və rüşvətxorluğun dövlətin nüfuzuna ən ağır zərbə olduğunu açıq şəkildə bildirdi və qeyd etdi ki, “əyrı yola gedən hər bir dövlət məmuru nəticədə qanun qarşısında cavab verir”. Bu xəbərdarlıq son illərdəki real təcrübəyə əsaslanır. Yüksək vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi göstərir ki, Azərbaycanda toxunulmaz məmur dövrü artıq bitib. Bu mesaj yeni icra başçılarına da aydın bir siqnaldır: onlardan təkcə göstərişləri yerinə yetirmək yox, etik davranış standartlarına əməl etmək də tələb olunur. Çünki rüşvət və vəzifədən sui-istifadə yalnız hüquqi pozuntu deyil, milli mənəviyyata zidd olan əməldir.
Prezidentin xüsusi vurğuladığı sosial ədalət prinsipi bölgələrdə həyata keçiriləcək idarəçilik fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirir. Dövlət başçısının “insanlar görməlidirlər ki, ədalət hər zaman üstünlük təşkil edir” fikri təkcə yerli icra strukturlarına deyil, bütün dövlət aparatına ünvanlanmış açıq mesajdır. Ədalətin pozulduğu yerdə inamsızlıq və sosial narazılıq yaranır. Buna görə də Prezidentin tələb etdiyi idarəçilik formulu sadə, lakin təsirlidir: ədalətli ol, şəffaf davran, vətəndaşa xidmət et.
Dövlət başçısı mərkəzi və yerli icra orqanları arasında əvvəlki illərdə mövcud olmuş mənfi praktikalardan da danışaraq qeyd etdi ki, bəzi qanunsuzluqların təməlində “harınlamış, gözü doymayan mərkəzdəki məmurların göstərişləri” dayanıb. Bu yanaşma Prezidentin sistemli problemləri gizlətmək yox, açıq şəkildə etiraf edərək islahat aparmaq niyyətini göstərir. Hazırda həyata keçirilən kadr və struktur islahatları mərkəz və regionlar arasındakı idarəçilik əlaqələrini sağlam əsaslar üzərində yenidən qurur. Mərkəz daha çox nəzarət və koordinasiya funksiyasını yerinə yetirir, yerli rəhbərlər isə operativ icra və sosial təmas prosesində əsas rol daşıyır.
Prezidentin təvazökarlıq və məsuliyyət tələbi dövlət qulluğunda yeni nəsil kadrların formalaşmasına çağırışdır. Bu proses həm mənəvi, həm intellektual yenilənmə tələb edir. Yeni icra başçıları dəbdəbə və nümayişlə deyil, xidmət və nəticə ilə tanınmalıdır. Onların fəaliyyətinin əsas meyarı rəsmi tədbirlər deyil, vətəndaş məmnunluğu olacaq. Bu yanaşma həm də dövlətə etimadın güclənməsinə xidmət edir. Şəffaf idarəçilik təkcə iqtisadi göstəriciləri deyil, cəmiyyətin mənəvi sağlamlığını da möhkəmləndirir.
Prezident İlham Əliyevin icra başçılarına verdiyi mesajlar siyasi nitqdən çox, dövlətçilik dərsi kimi dəyərləndirilə bilər. Əgər hər bir məmur təvazökarlığı, ədaləti, şəffaflığı, xalqla ünsiyyəti və məsuliyyəti şəxsi fəaliyyət kodeksinə çevirərsə, dövlət idarəçiliyində problemlər minimuma enər. Çünki ədalətli dövlət yalnız ədalətli məmurların çiyinləri üzərində yüksəlir.
MTM Analitik Qrupu