Serj Sarkisyan Kremldən mədət umur - ŞƏRH

Ermənistanın sabiq prezidentləri Ermənistanda baş verən son hadisələrdən sonra dalbadal müsahibə verərək, özlərini təmizə çıxarmağa çalışırlar. İstər 8 Avqust Vaşinqton Bəyannaməsi, istərsə də son günlər Azərbaycanın Ermənistana tranzit blokunu aradan qaldırması paytaxt İrəvanın siyasi mühitində ciddi dəyişikliklərə yol açıb. Müxalifət, xüsusən də revanşist qüvvələr hakimiyyətə doğru gedən yolun artıq bağlandığını dərk ediblər. Bununla belə, Baş nazir Paşinyanın eks-prezidentlərə canlı debata çıxma təklifi hələ ki, nə Serj Sarkisyan, nə də Robert Köçəryan tərəfindən qəbul edilib. Əvəzində isə həm Robert, həm də Serj uzun müsahibələr verərək, tərəfdar toplamağa, hakimiyyəti günahlandırmağa, sülh prosesini zəiflətməyə, iki ölkə arasındakı münasibətlərin normallaşma prosesinə balta çalmağa hazır olduqlarına işarə ediblər.
Maraqlıdır ki, 7 saat müsahibə verən Serj Sarkisyanın bir sıra fikirləri ictimaiyyət tərəfindən sərt şəkildə tənqid edilib. Xüsusən də 2018-ci il hadisələri, Serjin hakimiyyəti Paşinyana təhvil verməsinin əsas səbəblərinin açıqlanmaması ciddi narazılığa səbəb olub. Partiyadaşları Serji müdafiə etməyə çalışsalar da, geniş kütləni inandırmaq mümkün olmayıb.
Əslində 7 saatlıq müsahibənin əsas məğzi 2018-ci ildə baş tutan hakimiyyət dəyişikliyində Rusiyanın rolunun olmaması tezisini ortaya qoymaq idi. Çünki bununla da erməni cəmiyyətinə Qarabağın “əldən getməsi”ndə Rusiyanın günahı olmadığı fikrini sırımaq cəhdi reallaşdırılıb. Maraqlıdır ki, sabiq prezident çıxışında bütün baş verənlərə görə Avropanı və ABŞ-ni günahlandırıb.
Ən əsası isə, Paşinyan iddia edir ki, hakimiyyətin keçidi zamanı Aİ-nin Ermənistandakı səfiri Svitalskiyə küçələri sakitləşdirəcəyi təqdirdə baş nazirin müavini vəzifəsinə təyin olunacağı bildirilib, lakin o, təklifi rədd edib. Sarkisyan belə bir təklif vermədiyini və onu verən şəxsin adını çəkmədiyini bildirib, lakin hamı bu təklifin keçmiş baş nazir Karen Karapetyan tərəfindən verildiyini başa düşüb.
Maraqlıdır ki, Sarkisyan açıqlamasında bildirib ki, Kreml 2018-ci il hadisələrinə müdaxilə etməyib. Çünki plana görə, Rusiyayönümlü Karen Karapetyan hakimiyyətə gəlməli idi. O dövrdə baş nazir postunu tutan bu şəxsin Moskvaya simpatiyası olduğu, Rusiyanın müəyyən siyasi dairələrindən əmr və təlimatlar aldığı sirr deyil. Bununla belə, 2018-ci ildə bu plan baş tutmadığı üçün hakimiyyətə Nikol Paşinyan gəlir. Sarkisyan isə bunu Ermənistan üçün faciə adlandırır. Çünki Nikolun hakimiyyətə gəlməsi ilə Ermənistanda Rusiya əleyhinə getdikcə artan bir xətt müşahidə edilib.
Güman etmək olar ki, 2026-cı il seçkilərinə görə Sarkisyan bu çıxışı edib və Kremlə real namizəd olduğu fikrini çatdırıb. Bu fikrə görə, əgər Moskva Ermənistanda keçiriləcək seçkilərə təsir edəcəksə, Serji dəstəkləyə bilər. Çünki Apostol Kilsəsinin də seçkilərə müəyyən təsiri olacaq və Moskvadan koordinasiya edilən dini qurumun hansı namizədi dəstəkləyəcəyi müəyyən dəyişikliklərə səbəb ola bilər. Amma unutmaq lazım deyil ki, Kremlin İrəvandakı digər peyki Robert Köçəryan da seçkilərdə iddialıdır və hətta oğlunu da ortaya atıb. Buna görə də düşünmək olar ki, yaxın vaxtlarda seçki uğrunda əsas rəqabət Rusiyanın dəstəyini əldə etmək üçün Robert Köçəryan və Serj Sarkisyan arasında olacaq.
Hikmət Həsənov