İnformasiya cəbhəsində müharibə: Azərbaycan necə qalib gəlir? - MƏQALƏ

Bugünkü dövrün müharibələri təkcə silahla deyil, mətn və məzmunla, data və dezinformasiya ilə, sosial media və informasiya axını ilə aparılır. Azərbaycan isə bu görünməz cəbhədə təkcə müdafiədə deyil, hücumdadır. XXI əsrin “soyuq silahları” artıq təkcə tank və dron deyil. Rəqəmsal platformalar, sosial media, bot şəbəkələri və beynəlxalq mediada sifarişli yazılar – bunlar informasiya savaşının əsas alətləridir. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikcə, bu virtual cəbhədə hücumlar da çoxalır.
Ermənistan və onu dəstəkləyən ermənipərəst mərkəzlər sosial şəbəkələr, Telegram kanalları və "Qərb mediası" vasitəsilə Azərbaycana qarşı sistemli və məqsədyönlü təxribat kampaniyası aparır. Əsas məqsəd bir neçə cəbhədə Azərbaycana zərbə endirməkdir:
Reputasiya savaşı – Azərbaycanı beynəlxalq aləmdə "aqressor", "insan hüquqlarını pozan" dövlət kimi təqdim etmək.
Tarixi manipulyasiya – Qarabağdakı hadisələri saxtalaşdırmaq, faktları təhrif etmək.
İnformasiya çaşqınlığı – ictimai rəyə təsir edərək süni ajiotaj yaratmaq.
Yanvar ayında Azərbaycanın dövlət qurumları və media resurslarına qarşı Fransa və Rusiya ərazilərindən təşkil olunan kiberhücumlar, bu hibrid müharibənin texnoloji mərhələyə keçdiyini göstərdi. Bu hücumlar təkcə texniki deyil, ideoloji təsir vasitəsidir. Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr və dünya tribunalardakı çıxışları dezinformasiya kampaniyasına qarşı “siyasi vaksin” rolunu oynayır. Bu çıxışlar beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın 30 illik işğal siyasəti və onun dağıdıcı nəticələrinə, minalanmış ərazilər, itkin şəxslər və ekoloji vandalizmə, Qarabağ separatçılarının əsl mahiyyəti və onların məhkəmə məsuliyyətinə yönəldir.
Bu yanaşma klassik müdafiə deyil, həm də strateji hücumdur. Bu, diplomatiyanın informasiyanı silaha çevirdiyi mərhələdir. Fransa və digər Qərb dairələrinin yaratmağa çalışdığı “erməni faciəsi” narrativi artıq emosional rəvayətlərdən ibarətdir. Reallıq isə sənədlərdə, statistikada və peyk şəkillərindədir. Azərbaycan obyektivliyi informasiyaya əsaslanaraq qurur, çünki onun əlində həqiqət var. Ermənistan isə uzun illərdir yalanın üstündə təbliğat inşa edir. Bu gün dünya informasiya xaosundadır. Kim daha çox qışqırırsa, o daha çox eşidilir. Ancaq bu, daim belə olmayacaq. Azərbaycan faktları, sübutları və strateji diplomatiyanı önə çıxararaq öz səsini yüksəltmir, sadəcə yüksəklikdən danışır. Kiberhücumlara qarşı texnoloji müdafiə güclənir, dezinformasiyaya qarşı dövlət-mətbuat-QHT üçbucağı effektiv işləyir, səssiz güc olan həqiqət getdikcə daha çox auditoriyaya çatır.
İnformasiya savaşı bu gün müharibənin görünməyən cəbhəsidir. Azərbaycan isə burada təkcə mübarizə aparmır, oyunun qaydalarını dəyişir. Əgər torpaqlar üzərində qələbə 44 gün çəkdisə, informasiya məkanında bu mübarizə günbəgün, postbapost davam edir. Amma bir fərqlə. Artıq biz öz yolumuzu bilirik və bu yol həqiqətə aparır.
TƏHLİL ANALİTİK QRUP