Bu gün

Arçil Sixarulidze: “Saakaşviliyə qarşı dövlətə xəyanət işi çoxdan açılmalı idi” - AÇIQLAMA

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili və müxalifət nümayəndələrinə qarşı dövlətə xəyanət faktı üzrə cinayət işinin çoxdan açılmalı idi.

Bu fikri təhlil.az saytına gürcü politoloq, SIKHA Foundation elmi-tədqiqat mərkəzinin rəhbəri Arçil Sixarulidze açıqlamasında deyib. 

O bildirib ki, hazırkı iqtidarda olan “Gürcü Arzusu” partiyası indi sadəcə illər əvvəl görülməli olan işi görür:

“Gürcü siyasi sistemi bu gün məhz müxalifətin fəaliyyəti nəticəsində dalana dirənib. Mən hələ 2012–2013-cü illərdə açıq şəkildə demişdim ki, əvvəlki hakimiyyətin nümayəndələri, yəni onun aparıcı fiqurları siyasi və mədəni mənada səhnədən uzaqlaşdırılmalıdır. Mən onların həbsini yox, sadəcə siyasətlə məşğul olmalarının qadağan edilməsini nəzərdə tuturdum. Ancaq bu halda Gürcüstanda sağlam siyasi və media mühiti formalaşa bilərdi”.

Ekspertin sözlərinə görə, əksinə, ABŞ və Avropanın təzyiqləri altında “Gürcü Arzusu” əvvəlki hakimiyyət nümayəndələrinə siyasətdə qalmaq imkanı verib:

“Amerikalılar və avropalılar əvvəlki hakimiyyətin bəzi tanınmış simalarının, o cümlədən Mixeil Saakaşvili və bir neçə keçmiş nazirin qorunub saxlanılmasını istəyirdilər. Buna görə də Gürcü Arzusu Avropa və ABŞ ilə qarşıdurmadan qaçmaq üçün onlara qarşı cinayət işi açmaqdan çəkinirdi”.

Arçil Sixarulidze hesab edir ki, hazırda hakim partiya ilə müxalifət arasında dialoq artıq mümkün deyil:

“Üstəlik, Brüsseldə Gürcüstanı "kurasiya edən" dairələr açıq şəkildə müxalifətin tərəfində dayanır və bütün mümkün vasitələrlə hazırkı hökuməti devirməyə çalışırlar. Buna görə də Gürcü Arzusu illərdir "rəfdə qalan" köhnə işləri yenidən gündəmə gətirmək və 10 il əvvəl baş verməli olan prosesi indi başlatmaq qərarına gəlib”.

Politoloqun fikrincə, keçmiş hakimiyyətin aparıcı fiqurlarına, o cümlədən Mixeil Saakaşviliyə qarşı çoxdan dövlətə xəyanət və dövlətçiliyin sarsıdılması maddələri üzrə cinayət işi açılmalı idi:

“Bu şəxslər illərdir keçirilən heç bir seçkinin nəticəsini tanımayıblar. İndi isə nəhayət, həmin məsələ hüquqi müstəviyə keçir.”

Sixarulidze əlavə edib ki, bu qərar, çox güman, Avropa Komissiyasının Gürcüstanın Aİ-yə üzvlük prosesini dayandırması ilə bağlı açıqlamasından sonra verilib:

“Görünür, Gürcü Arzusu artıq anlayıb ki, Avropaya yeni siqnallar göndərməyin, dialoq axtarmağın mənası yoxdur. Avropa çox açıq şəkildə Saakaşvilini və ona qarşı cinayət işi açılan digər müxalifətçiləri istifadə edərək Gürcüstandakı hazırkı hakimiyyəti devirməyə çalışır”.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?