Ermənistanda Qərblə Rusiya arasında nüvə enerjisi savaşı - ŞƏRH

Ermənistan hökuməti uzun müddətdir nüvə enerjisi sahəsində Qərb və Rusiya arasında seçim etməkdə çətinlik çəkir. Baş nazir Nikol Paşinyan Rusiyaya səfərləri zamanı Kreml rəsmiləri ilə bu istiqamətdə razılaşmalar imzalayır, eyni zamanda Qərbə səfərlərində Avropa İttifaqı nümayəndələri ilə əməkdaşlıq məsələlərini müzakirə edir. Nəticədə Ermənistanın nüvə energetikası mövzusu Qərb və Rusiya arasında geosiyasi toqquşmanın mərkəzinə çevrilib.
Avropa Komissiyası bu yaxınlarda İrəvana “nüvə təhlükəsizliyini gücləndirmək” və hidrogenlə bağlı qəzaların idarə olunması məqsədilə 5 milyon avro ayırıb. Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan hökumətin 30 oktyabr iclasında bildirib ki, sazişin məqsədi ölkədə nüvə təhlükəsizliyi və radiasiya mühafizəsinin gücləndirilməsidir. Maliyyə yardımının bir hissəsi hidrogen yandıran avadanlıqların alınmasına yönəldiləcək və bu avadanlıqlar Ermənistan Atom Elektrik Stansiyasına veriləcək.
Nazir əlavə edib ki, sənəd 2024-cü ildə qəbul edilmiş əvvəlki müqavilənin davamıdır. Həmin müqavilə çərçivəsində artıq 12,9 milyon avro ayrılmışdı. Lakin müşahidəçilər qeyd edirlər ki, bu cür layihələrin əsl məqsədi Ermənistanın strateji enerji infrastrukturuna nəzarəti ələ keçirməkdir. Bu xüsusilə də Atom Elektrik Stansiyasının hazırda “Rosatom” tərəfindən idarə olunduğu şəraitdə diqqət çəkir.
Digər tərəfdən, İsveç də Ermənistanın nüvə enerjisi layihələrinə maraq göstərir. Bir müddət əvvəl bu məqsədlə İrəvana səfər edən İsveç nümayəndə heyəti ilə yeni enerji blokunun tikintisi və İsveç texnologiyalarından istifadə imkanları müzakirə edilib. Paşinyan açıq şəkildə bəyan edib ki, Ermənistan enerji təhlükəsizliyini təmin etmək üçün yeni tərəfdaş ölkələr axtarır.
“Rosatom”la münasibətlərin gərginləşdiyi şəraitdə İrəvanın Qərblə yaxınlaşması təsadüfi deyil. Ermənistan hökumətinin Rusiya şirkəti ilə yeni atom elektrik stansiyasının tikintisi mövzusunda dialoqu getdikcə daha qeyri-konstruktiv xarakter alır. ABŞ və Aİ isə açıq şəkildə bildirirlər ki, onların əsas məqsədlərindən biri Rusiyanı Ermənistanın enerji sektorundan sıxışdırmaqdır.
Bəzi məlumatlara görə, Paşinyan artıq amerikalılara “kiçik nüvə elektrik stansiyası” layihəsini həyata keçirmək üçün icazə verib. Əks halda, Ermənistanın “Rosatom”la danışıqları daha asan və irəliləyən şəkildə aparılardı. Bu isə bir daha göstərir ki, hazırda Ermənistanda nüvə enerjisi sahəsində ciddi siyasi mübarizə gedir və bu mübarizədə Qərb və Rusiya təkcə iqtisadi deyil, həm də strateji üstünlük uğrunda yarışır.
Hikmət Həsənov