Bu gün

Vətən müharibəsindən NATO təcrübəsinə: Azərbaycan modelinin uğuru - TƏHLİL

Azərbaycan Silahlı Qüvvələrinin son onilliklərdə keçdiyi inkişaf yolu, əldə etdiyi təcrübə və yüksək döyüş qabiliyyəti bu gün dünya miqyasında etiraf edilir və öyrənilir. 44 günlük Vətən müharibəsi və iki il əvvəl keçirilən birgünlük antiterror əməliyyatları zamanı Azərbaycan Ordusu unikal peşəkarlıq nümayiş etdirərək, müasir döyüş konsepsiyasını praktik səviyyədə yenidən formalaşdırdı. Lakin ölkə bu nailiyyətlərlə kifayətlənmir – artan qlobal gərginliklər fonunda ordunun döyüş qabiliyyəti və texniki təminatının gücləndirilməsi davamlı şəkildə diqqət mərkəzində saxlanılır.

Bu məqam Prezident İlham Əliyevin NATO nümayəndə heyətini qəbul edərkən söylədiyi fikirlərdə də öz əksini tapıb. Dövlət başçısı bildirib ki, Azərbaycan-NATO əməkdaşlığı uğurla inkişaf edir və nümayəndə heyətinin səfəri bu prosesə yeni töhfələr verəcək. O, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını, bu istiqamətdə Türkiyə ilə sıx əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Prezident qeyd edib ki, müstəqillik əldə olunduqdan sonra əsas məqsəd – torpaqların işğaldan azad edilməsi – artıq reallaşıb və bundan sonra ordunun müasirləşdirilməsi prosesi davam edəcək.

Azərbaycanın NATO ilə əlaqələrinin əsası 1994-cü ildə “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmaqla qoyulub. Həmin proqram çərçivəsində ordu strukturunun, idarəetmə və təlim sistemlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb. Əməkdaşlıq yalnız hərbi deyil, eyni zamanda müdafiə planlaşdırılması, mülki-hərbi münasibətlər və etik normaların formalaşdırılması sahələrini də əhatə edir. Hazırda Azərbaycan hərbçiləri Türkiyə, ABŞ, Böyük Britaniya və digər NATO ölkələrinin akademiyalarında təhsil alır, beynəlxalq təlimlərdə iştirak edirlər.

Yaxın günlərdə Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində “Quru qoşunlarının döyüşə hazırlığının qiymətləndirilməsi (CREVAL)” kursu keçirilib. Milli Müdafiə Universitetinin Hərb Oyunları Mərkəzində baş tutan tədbirdə NATO-ya üzv və tərəfdaş ölkələrdən 39-a yaxın nümayəndə iştirak edib.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bu sahədə xüsusi yer tutur. Türkiyə Silahlı Qüvvələri NATO üzvü kimi Azərbaycan Ordusunun struktur və taktiki modernləşməsində mühüm rol oynayıb. İki ölkə arasında keçirilən birgə təlimlər Azərbaycan hərbçilərinin NATO standartlarına uyğun idarəetmə sisteminə inteqrasiyasını sürətləndirib.

Ordunun uyğunlaşması yalnız texniki səviyyədə deyil, idarəetmə və qərar qəbuletmə sistemlərində də özünü göstərir. Müdafiə Nazirliyində müasir qərargah planlaşdırılması və əməliyyat idarəçiliyi NATO mexanizmlərinə uyğun qurulub ki, bu da ordunun çevikliyini və beynəlxalq əməliyyatlara inteqrasiyasını artırır.

Azərbaycanın NATO ilə əməkdaşlığında humanitar və sülhməramlı fəaliyyət də xüsusi yer tutur. Azərbaycan hərbçiləri 2002-ci ildən Əfqanıstan, Kosovo və İraqdakı NATO missiyalarında xidmət göstəriblər. Eyni zamanda rabitə, kəşfiyyat, pilotsuz uçuş aparatları, artilleriya idarəetmə sistemləri və zirehli texnika sahəsində modernləşmə işləri həyata keçirilir.

2020-ci il Vətən müharibəsində əldə olunan Zəfər NATO standartlarının tətbiqinin real nəticəsi oldu. Yüksək dəqiqlikli silahların istifadəsi, kəşfiyyat məlumatlarının koordinasiyası və inteqrasiya olunmuş idarəetmə sistemi Azərbaycanın illərlə apardığı uyğunlaşdırma prosesinin uğurlu nəticəsidir.

Bu gün Azərbaycan həm öz təhlükəsizliyinin təminatçısı, həm də Cənubi Qafqazda sülhün və sabitliyin dayağı kimi çıxış edir. Peşəkar və çevik Azərbaycan Ordusunun artan qüdrəti ölkənin regional sabitliyə və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin gələcəkdə də yüksələcəyini göstərir.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?