Bu gün

Bakı metrosunda 15 yeni vaqon istismara verildi

Bakı Metropoliteni ən yeni texnologiyalar əsasında hazırlanmış IV nəsil daha 3 qatarı – ümumilikdə 15 vaqonu xəttə buraxıb.

Təhlil.az xəbər verir ki, QSC-nin Depolar üzrə İş Departamentinin baş mühəndisi Aydın Bəkirovun sözlərinə görə, yeni vaqonlar müasir kondisioner sistemi, ultrabənövşəyi lampalarla havanın bioloji təmizlənməsi, təzyiqin tənzimlənməsi və sərnişinlərin elektron qurğularını doldura bilməsi üçün USB yuvacıqlarla təchiz edilib.

Vaqonlararası birbaşa keçid sərnişin tutumunu 15 faiz artırır, daha enli qapılar və işıqlı xəbərdarlıq indikatorları isə təhlükəsizliyi yüksəldir. Yeni qatarlar həm də əlil arabaları, uşaq arabaları və iri yüklər üçün xüsusi yerlərlə təmin olunub. Baş vaqonlar 315, orta vaqonlar isə 329 sərnişin daşıya bilir.

Qatarlar daxili və xarici videomüşahidə sistemləri ilə təchiz olunub, bu da maşinistə bütün tərkibi real vaxtda izləməyə imkan verir. İşıqdiodlu sistemlər elektrik enerjisi sərfini 50 faiz azaldır və istismar müddətini 75 faiz uzadır.

Hazırda sazlama işləri aparılan daha 15 vaqonun 2025-ci ilin sonuna qədər xəttə buraxılması planlaşdırılır. Beləliklə, Bakı metrosunda yeni nəsil vaqonların sayı 180-ə çatacaq. Dövlət Proqramına əsasən, 2030-cu ilə qədər ümumilikdə 299 yeni vaqonun alınması nəzərdə tutulur.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?