Bu gün

Azərbaycanla Ərəb dünyası arasında iqtisadi əməkdaşlıq genişlənir - TƏHLİL

Azərbaycanla ərəb dünyası arasında münasibətlər son illər dinamik templə inkişaf edir və bu əlaqələr müxtəlif sahələri, o cümlədən iqtisadi-ticari və maliyyə sferalarını əhatə edir. Ən diqqətçəkən məqamlardan biri isə Azərbaycan iqtisadiyyatına yönələn ərəb sərmayələrinin həcminin sürətlə artmasıdır. İqtisadi əməkdaşlıq və maliyyə tərəfdaşlığı artıq iki tərəfli münasibətlərin strateji əsasını formalaşdırır.

Bu baxımdan, Azərbaycanın Ərəb Koordinasiya Qrupu (ƏKQ) ilə əlaqələrinin intensivləşməsi xüsusi əhəmiyyət daşıyır. Bu, ölkəmizin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığında yeni mərhələnin başlanmasını da göstərir. Qrupa daxil olan nüfuzlu ərəb maliyyə qurumları — İslam İnkişaf Bankı, Əbu Dabi İnkişaf Fondu, Səudiyyə İnkişaf Fondu, Küveyt Fondu, Qətər İnkişaf Fondu və digərləri artıq Azərbaycanın sosial-iqtisadi inkişafına dəstək verən mühüm tərəfdaşlara çevriliblər.

Prezident İlham Əliyevin Ərəb Koordinasiya Qrupu nümayəndə heyətini qəbul etməsi bu əməkdaşlığın strateji əhəmiyyətini bir daha təsdiqlədi. Dövlət başçısı quruma daxil olan üzv institutların xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və tikinti işlərinə dəstək niyyətini yüksək qiymətləndirib. Prezident qeyd edib ki, artıq ölkədə əsas infrastruktur layihələrinin böyük hissəsi tamamlanıb, su, nəqliyyat və sosial sahələr üzrə dövlət proqramları icra olunur, gələcəkdə isə yeni istiqamətlər üzrə proqramlar qəbul ediləcək.

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Ərəb Koordinasiya Qrupunun Yüksək Səviyyəli Dəyirmi Masası keçirilib. Nazir Mikayıl Cabbarov qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı barədə məlumat verib. Toplantı çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ərəb Koordinasiya Qrupu arasında Niyyət Bəyannaməsi” imzalanıb. Sənəd Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq ölkədəki infrastruktur layihələrinin güzəştli maliyyələşdirilməsi məqsədini daşıyır.

Ərəb maliyyə qurumlarının rəhbərləri də əməkdaşlığın perspektivlərini yüksək qiymətləndiriblər. İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir tərəfdaşlığın möhkəm əsaslara söykəndiyini bildirib. OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə enerji, nəqliyyat, su təchizatı və kənd təsərrüfatı sahələrində birgə layihələrin əhəmiyyətini vurğulayıb. Səudiyyə İnkişaf Fondunun baş direktoru Sultan Əbdülrəhman Əl-Marşad isə Azərbaycanla dostluq və etimada əsaslanan münasibətlərin mövcud olduğunu qeyd edib.

Bu əməkdaşlıq çərçivəsində Ərəb Koordinasiya Qrupu vasitəsilə Azərbaycana yeni sərmayə axınının başlanacağı gözlənilir. Əsas investisiya istiqamətləri isə işğaldan azad olunmuş ərazilərin bərpası, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və kənd təsərrüfatı layihələri olacaq.

Qeyd edək ki, Ərəb Koordinasiya Qrupu 1975-ci ildə yaradılıb və məqsədi inkişaf etməkdə olan ölkələrdə infrastrukturun qurulmasına, sosial rifahın yaxşılaşdırılmasına və davamlı iqtisadi artıma dəstək verməkdir. Qrup donor koordinasiyası və layihələrin birgə maliyyələşdirilməsi prinsipi ilə fəaliyyət göstərir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, yaşıl enerji gündəliyinə verdiyi töhfə və müasir investisiya mühiti ölkəni ərəb maliyyə qurumları üçün daha da cəlbedici tərəfdaşa çevirib. Qarşıdakı illərdə bu əməkdaşlıq təkcə iqtisadi əlaqələri deyil, həm də İslam həmrəyliyini və diplomatik münasibətləri gücləndirəcək.

Beləliklə, Azərbaycan–Ərəb tərəfdaşlığı təkcə sərmayə deyil, həm də etimada, qarşılıqlı maraqlara və ortaq inkişaf vizyonuna əsaslanan strateji əməkdaşlıq modeli kimi formalaşmaqdadır.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?