Overçuk: Dəmir yolu bağlantısı bölgədə sülhün bərqərar olmasına real töhfədir

Rusiya ilə Ermənistan arasında Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu bağlantısı Cənubi Qafqazda sülhün bərqərar olmasına real töhfədir.
Təhlil.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.
Overçuk bildirib ki, "Yeni marşrut Rusiyanın Cənubi Qafqaz dövlətləri ilə nəqliyyat əlaqələrini gücləndirir, Avrasiya İqtisadi Birliyinə üzv olan digər dövlətlərin malları üçün Ermənistan bazarlarına çıxışı artırır və erməni istehsalçıları üçün Aİİ bazarlarına çıxışı yaxşılaşdırır".
Baş nazirin müavini vurğulayıb ki, dəmir yolu bağlantısının açılması Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmaların, eləcə də üç ölkənin baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli İşçi Qrupunun səylərinin birbaşa nəticəsidir.
Bundan əlavə, Overçuk bu prosesdə konstruktiv iştirakına görə Gürcüstana minnətdarlığını bildirib.