Bu gün

“Ermənistan azərbaycanlıların qayıdışından deyil, öz keçmişindən qorxur” - RƏY

Ermənistan Baş naziri Nikol Paşinyanın “ermənilərin Qarabağa qayıtmasının Bakı və İrəvan arasında sülh üçün təhlükə yarada biləcəyi” barədə bəyanatı, əslində, Prezident İlham Əliyevin “azərbaycanlıların Ermənistana qayıtmasının zəruriliyi” ilə bağlı çıxışına verilmiş cavabdır.

Bunu təhlil.az saytına Cənubi Koreyadakı Hankuk Regional Araşdırmalar Universitetinin professoru, doktor Rövşən İbrahimov açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətində və sosial şəbəkələrdə İlham Əliyevin bəyanatına emosional və aqressiv reaksiya müşahidə olunur:

“Erməni sosial şəbəkələrində yazırlar ki, “özünüz istədiniz, indi azərbaycanlılar Ermənistana qayıdacaq”. Halbuki Prezident İlham Əliyev bu mövzunu ilk dəfə gündəmə gətirmir. Daha 44 günlük Vətən müharibəsi dövründə belə məsələ artıq aktual idi. Çünki gec-tez azərbaycanlıların öz doğma torpaqlarına qayıdacağı məlum idi. Ermənistanda bir zamanlar oradan zorla qovulmuş yüz minlərlə azərbaycanlının ata-baba məzarları var”.

Rövşən İbrahimov qeyd edib ki, Prezident İlham Əliyev azərbaycanlıların Ermənistana qayıdışı məsələsində separatizmin qətiyyən yer almadığını açıq şəkildə vurğulayıb:

“Buna baxmayaraq, İrəvandakı revanşist dairələr hələ də Qarabağı yenidən ələ keçirib Ermənistana birləşdirmək arzusu ilə yaşayırlar. Lakin Bakı sovet dövründə Qarabağda yaşamış ermənilərin qayıdışını qəbul etməyə hazırdır – ancaq bir şərtlə: onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Rəsmi qaydada müraciət edən və azərbaycanlılara qarşı cinayət törətməyən şəxslərin geri dönüşü mümkündür”.

Ekspert vurğulayıb ki, Paşinyanın “ermənilərin Qarabağa qayıdışını təhlükə” adlandırması, əslində, Ermənistanın monoeetnik siyasətindən və öz təcrübəsindən doğan qorxuların əksidir:

“Ermənistan öz monoetnik tərkibi ilə fəxr edir və hər şeyi öz düşüncə tərzi ilə qiymətləndirir. Onlar vaxtilə Azərbaycanın ərazisində separatizm siyasəti aparıblar. İndi isə qorxurlar ki, azərbaycanlılar Ermənistana qayıtdıqda eyni addımı atsınlar. Amma Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, azərbaycanlılara separatizm yaddır. Onlar harada yaşasalar, həmin ölkənin qanun və qaydalarına hörmətlə yanaşırlar”.

Professorun fikrincə, Paşinyanın mövqeyi Ermənistan cəmiyyətinin hələ də sülhə tam hazır olmadığını göstərir, çünki o, etimaddan çox qorxu üzərində qurulmuş siyasi ritorikanı davam etdirir.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?