Kremlin yeni silahı: Kilsə vasitəsilə Paşinyana təzyiq - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkə daxilində Erməni Apostol Kilsəsinə qarşı açıq mübarizə apardığı bir vaxtda Moskva yeni və diqqətçəkən addım atıb. Rusiya Prezidenti Vladimir Putin Milli Birlik Günü münasibətilə Erməni Apostol Kilsəsinin Rus və Yeni Naxçıvan Yeparxiyasının rəhbəri arxiyepiskop Yezrasa Aleksandr Nevski ordeni təqdim edib.
Bu mükafatı alanlar arasında Rusiyadakı bütün əsas dini konfessiyaların nümayəndələri olsa da, məhz arxiyepiskop Yezrasın bu siyahıda yer alması və yüksək dövlət ordeni ilə təltif edilməsi xüsusi simvolik məna daşıyır. Çünki Ermənistan rəhbərliyi son aylarda kilsəyə qarşı sərt ritorika ilə çıxış edir, onun siyasi təsir imkanlarını məhdudlaşdırmağa çalışır.
Paşinyan bir müddət əvvəl arxiyepiskop Yezrası “KQB agenti” adlandıraraq, onu guya “casus şəbəkəsinə” rəhbərlik etməkdə ittiham etmişdi. Onun bu açıqlamaları postsovet məkanında zaman-zaman müşahidə olunan “kilsə əleyhinə kampaniyaları” xatırladır. Analitiklərin fikrincə, Paşinyan ruhaniləri hədəf almaqla, daxildəki sosial narazılıqları yönləndirməyə və Rusiya ilə münasibətlərdə sərtləşən xəttini əsaslandırmağa çalışır.
Putinin bu jesti isə əksinə, Moskvadan İrəvana açıq mesaj kimi dəyərləndirilir. Rusiya, görünür, Ermənistan rəhbərliyinə kilsə ilə mübarizəni dayandırmaq barədə xəbərdarlıq göndərir. Bununla Kremlin Paşinyana anlatmaq istədiyi əsas fikir ondan ibarətdir ki, Erməni Apostol Kilsəsinin arxasında Moskva dayanır və bu dini institut Rusiyanın regiondakı yumşaq güc alətlərindən biridir.
Digər ehtimal isə daha geniş siyasi kontekstə aiddir. Son günlər məlum olub ki, sabiq prezident Robert Köçəryan növbəti parlament seçkilərində iştirak edəcək. Onun Rusiya ilə sıx əlaqələri və Vladimir Putinlə şəxsi münasibətləri artıq sirr deyil. Buna görə də siyasi müşahidəçilər ehtimal edirlər ki, 2026-cı ildə keçiriləcək seçkilərdə Moskva məhz Köçəryanı dəstəkləyəcək və bu prosesdə Erməni Apostol Kilsəsini ideoloji və sosial dayağa çevirməyə çalışacaq.
Beləliklə, Rusiya bir tərəfdən kilsə üzərindən Paşinyana təzyiq göstərir, digər tərəfdən isə Ermənistanın daxili siyasi səhnəsində yeni mövqelər qazanmağa cəhd edir. Kilsə məsələsi artıq təkcə dini deyil, həm də siyasi mübarizənin mühüm alətinə çevrilib.
Bu proseslər bir daha göstərir ki, Moskva Ermənistan siyasətində nüfuzunu qorumaq üçün həm dini, həm siyasi, həm də ictimai təsir mexanizmlərindən eyni anda istifadə edir. Paşinyan isə bu təzyiqlər qarşısında balanslı mövqe tutmağa çalışsa da, Rusiya ilə münasibətlərdə artan gərginlik fonunda onun manevr imkanları getdikcə daralır.
Hikmət Həsənov