Bu gün

“Bina nəfəs alır” — Avropalı fotoqraf Heydər Əliyev Mərkəzinə heyran qaldı - FOTOLAR

Almaniyada yaşayan tanınmış interyer, memarlıq və incəsənət fotoqrafı Anna Sol Bakının memarlıq incisi – Heydər Əliyev Mərkəzi barədə geniş fotoreportaj hazırlayıb.

Təhlil.az bu barədə fotoqrafın veb-saytına istinadən xəbər verir.

Bu unikal memarlıq abidəsi, daxili dizaynı və muzey atmosferi fotoqrafı dərin təsirləndirib.

Anna Sol etiraf edib ki, əvvəlcə Mərkəzi Bakı haqqında geniş reportajının bir hissəsi kimi təqdim etməyi planlaşdırsa da, oradan paylaşdığı bir neçə “Instagram” hekayəsindən sonra izləyicilərinin böyük marağı onu ayrıca yazı yazmağa sövq edib.

“Binanın memarlığı, atmosferi və enerjisi ilə bağlı o qədər sual aldım ki, bu yer haqqında ayrıca hekayə yazmaq zəruri oldu”, – deyə o qeyd edib.

O bildirib ki, Heydər Əliyev Mərkəzinin memarlığını çəkmək düşündüyündən çətin olub, çünki çəkiliş zamanı ərazidə təmir və texniki işlər aparılırmış.

“Fənərlər, hasarlar və işçilərdən kadrı "təmiz saxlamaq" özlüyündə bir macəraya çevrildi. Amma bu da bəzi maraqlı anlar yaşatdı”, – deyə o yazıb.

Fotoqraf çəkilişləri JPEG formatında, heç bir redaktə planlaşdırmadan həyata keçirdiyini bildirib:

“Məqsədim bu məkanın ruhunu, daxili ritmini və "nəfəsini" hiss etdirmək idi. Hər dəfə Mərkəzin qarşısında dayananda yenidən heyranlıq hissi keçirirəm, sanki bina nəfəs alır, dalğalanır”.

O qeyd edib ki, toxunuşlara, materialın teksturasına böyük önəm verir və hər dəfə bu axıcı xətlərin üzərindən əli ilə keçərək memarın düşüncəsini “hiss etmək” istəyir.

“Sanki o yolla dizaynın fəlsəfəsini daha dərindən anlayıram”, - deyə Anna Sol yazıb.

Fotoqraf xatırladıb ki, Heydər Əliyev Mərkəzi layihəsi dünyaca məşhur memar Zaha Hadid tərəfindən hazırlanıb və onun “Zaha Hadid Architects” studiyası tərəfindən reallaşdırılıb. Studiyanın 2007-ci ildə beynəlxalq müsabiqədə qalib gəlməsindən sonra tikintiyə başlanılıb və 2012-ci ildə, Heydər Əliyevin doğumunun 89-cu ildönümündə tamamlanıb. Ümumi sahəsi 101 min kvadratmetr olan bina muzey, sərgi qalereyaları, böyük konfrans zalı və tədris məkanlarını özündə birləşdirir.

Fotoqraf həmçinin vurğulayıb ki, kompleksin əsas hissələrindən biri olan Heydər Əliyev Muzeyində Ümummilli liderin həyatı və fəaliyyəti, eləcə də müasir Azərbaycan dövlətçiliyinin və mədəni kimliyinin formalaşması haqqında ekspozisiyalar yer alır. Burada şəxsi sənədlər, mükafatlar, arxiv materialları və multimedia təqdimatları nümayiş olunur. Zalın bir hissəsində isə Heydər Əliyevin istifadə etdiyi avtomobillər sərgilənir.

Anna Sol qeyd edib ki, “Mini Azərbaycan” bölməsi ölkənin müxtəlif bölgələrində yerləşən məşhur abidələrin və memarlıq nümunələrinin miniatür modellərini özündə cəmləyir. Burada Qız qalası, Mömünə Xatun türbəsi, Şirvanşahlar sarayı, qədim məscidlər və müasir Bakı simvolları miniatür formada təqdim olunur. “Azərbaycanın inciləri” bölməsində isə xalçalar, musiqi alətləri, qədim sikkələr, milli geyimlər və xalq sənəti nümunələri nümayiş etdirilir.

Kompleksdə yerləşən Klassik Avtomobillər Muzeyinin də diqqətəlayiq olduğunu bildirən fotoqraf yazır:

“Bu ekspozisiyaya giriş üçün ayrıca bilet tələb olunur. Burada XX əsr boyunca avtomobil dizaynının inkişaf mərhələlərini əks etdirən nadir modellər sərgilənir”.

Anna Sol qeyd edib ki, bu gün Heydər Əliyev Mərkəzi Bakının aparıcı mədəniyyət və incəsənət məkanlarından biridir. Burada beynəlxalq sərgilər, dizayn və memarlıq layihələri, konsertlər, teatr tamaşaları və mükafatlandırma mərasimləri keçirilir.

Onun fikrincə, Mərkəz müasir incəsənət, memarlıq və Azərbaycan milli irsinin harmoniyasını bir məkanda birləşdirir və açıq, dinamik, ilhamverici atmosfer yaradır.

Fotoqraf xatırladıb ki, 2014-cü ildə Heydər Əliyev Mərkəzi London Dizayn Muzeyinin “İlin Dizaynı” mükafatını qazanıb və Zaha Hadid bu kateqoriyada qalib gələn ilk qadın olub. Hazırda mərkəzdə dünyaca məşhur rəssam Fernando Boteronun sərgisi nümayiş olunur.

“Heydər Əliyev Mərkəzi sadəcə bir bina deyil, o, memarlığın, incəsənətin və insan ruhunun qovuşduğu məkandır”, – deyə Anna Sol reportajını bu sözlərlə tamamlayıb.