Ötən il baş verən sui-qəsd cəhdi Trampın həyata münasibətini dəyişdirib

ABŞ Prezidenti Donald Tramp 2024-cü ilin iyulunda baş verən sui-qəsd cəhdinin onun həyata olan münasibətinə təsir etdiyini bildirib.
Onun sözlərini "Qisas: Donald Tramp və ABŞ-ni dəyişən kampaniya" kitabında jurnalist Conatan Karl qeyd edib.
"Mən bu barədə düşünməyi sevmirəm. Amma, bəli, düşünürəm ki, bu təsir etdi", - deyə Tramp Karlın ölümə yaxın olmağın onu dəyişdirib-dəyişdirmədiyinə dair sualına cavab olaraq bildirib. Karl qeyd edib ki, həmin vaxt hələ prezidentliyə namizəd olan Trampla söhbət sui-qəsd cəhdindən iki gün sonra baş tutub.
"Son iki gündə baş verənlərə baxmayaraq, Trampın səsi mənim nə vaxtsa eşitdiyimdən daha yaxşı gəlirdi", - deyə jurnalist vurğulayıb.
Xatırladaq ki, Trampa sui-qəsd cəhdi 2024-cü il iyulun 13-də Pensilvaniyada onun seçki kampaniyası zamanı baş verib. Ona 20 yaşlı Tomas Mettyu Kruks atəş açıb, güllələrdən biri Trampın qulağını sıyıraraq, başından bir neçə millimetr məsafədən keçib.