Bu gün

Azərbaycan–Ərəb münasibətləri yeni strateji mərhələyə qədəm qoyur - TƏHLİL

Azərbaycanla Yaxın Şərq və Şimal Afrika regionunda yerləşən ərəb ölkələri arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Yüksək dinamikası ilə seçilən bu münasibətlər hər iki tərəfin maraqlarına cavab verməklə yanaşı, onların beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu da əhəmiyyətli dərəcədə gücləndirməyə xidmət edir.

Real vəziyyətin təhlili göstərir ki, qlobal siyasi və iqtisadi nizamda baş verən dəyişikliklər, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması, xüsusən də Azərbaycanın beynəlxalq arenadakı nüfuzunun artması bu əlaqələrin strateji səviyyəyə yüksəlməsinə şərait yaradıb. Ərəb dünyası ilə əməkdaşlığın inkişafı həm Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun tərkib hissəsidir, həm də qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelinin formalaşmasına zəmin yaradır.

Nəzərə alınmalı mühüm məqam odur ki, ərəb ölkələrinin müasir beynəlxalq münasibətlər sistemindəki mövqeyi iqtisadi, coğrafi, hərbi-siyasi və demoqrafik amillərin kombinasiyası ilə müəyyən olunur. Ərəb dünyasının iqtisadi əhəmiyyəti ilk növbədə onun ərazisində yerləşən zəngin karbohidrogen yataqları ilə bağlıdır. Təkcə Fars körfəzi bölgəsində dünyanın neft ehtiyatlarının təxminən üçdə ikisi, qaz ehtiyatlarının isə üçdə biri cəmləşib. Dünyanın başqa heç bir regionunda bu qədər enerji resursu toplanmayıb. Bu amil yalnız qlobal iqtisadiyyat üçün deyil, həm də müasir sivilizasiyanın davamlılığı baxımından həlledici əhəmiyyət daşıyır.

Avropanı Asiya və Sakit okean regionu ilə birləşdirən dəniz və hava yollarının kəsişdiyi Yaxın Şərq qlobal nəqliyyat mərkəzi kimi müstəsna rola malikdir. Hörmüz boğazı və Süveyş kanalı Avropa, Cənubi Asiya və Uzaq Şərqə karbohidrogen tədarükünü, eləcə də Avropa ilə Asiya arasında yük daşımalarını asanlaşdırır.

Ərəb Şərqinin beynəlxalq münasibətlər sistemindəki mövqeyini müəyyən edən digər amil onun üç qitənin qovşağında, müsəlman və Qərbi Avropa sivilizasiyalarının sərhədində yerləşməsidir. Antik dövrlərdən bəri bu bölgə dünya tarixinin əsas inkişaf məkanlarından biri olub. Ərəb dünyasının hazırkı geosiyasi mövqeyi isə onun Avropa, Yaxın Şərq, Zaqafqaziya, Mərkəzi Asiya, Sahel bölgəsi və Afrika Buynuzuna yaxınlığı ilə formalaşır.

Bütün bu amillər fonunda Azərbaycanın ərəb dünyası ilə münasibətlərinin inkişafına xüsusi diqqət göstərməsi tamamilə təbiidir. Azərbaycanın beynəlxalq arenada artan rolu ərəb ölkələrinin də ölkəmizə marağını artırır. Elə bu kontekstdə, Ərəb Parlamentinin prezidenti Mohamed Alyammahi Qahirədə Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə vurğulayıb ki, Azərbaycan ərəb ölkələri üçün xüsusi yerə malikdir. Öz növbəsində Sahibə Qafarova da Azərbaycanla müsəlman ölkələri arasında münasibətlərin inkişafından məmnunluğunu ifadə edərək, bu əlaqələrin əsasının ortaq dini, mədəni və mənəvi dəyərlərə söykəndiyini bildirib.

Görüş zamanı həmçinin Ərəb Parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan və hazırda Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əməkdaşlığa xüsusi önəm verdiyi qeyd olunub. Qeyd edilib ki, Ərəb Parlamenti bu şəbəkə yanında müşahidəçi statusuna malikdir və təşkilatın bütün tədbirlərində iştirak edir.

Azərbaycanın ərəb ölkələri üçün mühüm əhəmiyyət kəsb etməsinin əsas səbəblərindən biri onun müxtəlif regionlar arasında körpü rolunu oynamasıdır. Coğrafi mövqeyinə görə Azərbaycan Avropa ilə Asiya, Xəzər hövzəsi ilə Yaxın Şərq arasında yerləşir. Bu mövqe ölkəmizə enerji, logistika, nəqliyyat və ticarət sahələrində unikal üstünlüklər qazandırır.

Məsələn, Bakı–Tiflis–Ceyhan neft kəməri və Bakı–Tiflis–Qars dəmir yolu kimi layihələr ərəb ölkələrinin Avrasiya bazarlarına çıxışı üçün mühüm tranzit imkanları yaradır. Ərəb dövlətləri Azərbaycanın nəqliyyat dəhlizlərinə maraq göstərərək, ticarət yollarının şaxələndirilməsi prosesində Bakını etibarlı tərəfdaş kimi görürlər. Gələcəkdə Zəngəzur dəhlizinin açılması isə ərəb ölkələrinə əlavə iqtisadi və logistik üstünlüklər qazandıra bilər.

Ərəb ölkələri, xüsusilə Fars körfəzi dövlətləri uzun illərdir enerji ixracatçısı kimi tanınır. Azərbaycan isə Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır. Bu iki tərəf arasında enerji sahəsində təcrübə və texnologiya mübadiləsi üçün geniş imkanlar mövcuddur. Azərbaycan neft hasilatı və bərpa olunan enerji layihələrində Körfəz ölkələrinin sərmayəsini cəlb edir. “Masdar” və “ACWA Power” kimi şirkətlərin ölkəmizdə günəş və külək enerjisi layihələrinə yatırdığı sərmayələr bu əməkdaşlığın real göstəricisidir.

Bundan əlavə, Azərbaycanın müsəlman dünyasındakı nüfuzu və fəal diplomatik fəaliyyəti ərəb ölkələrinin diqqətini cəlb edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda fəal iştirak edir. Bakı bu təşkilatlarda həm müsəlman həmrəyliyini möhkəmləndirir, həm də müasir çağırışlara cavab verən təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan islamofobiyaya qarşı qlobal mübarizədə ön sırada yer alır. Bu mövqeyinə görə ərəb ölkələri Azərbaycanın prinsipial siyasətini yüksək qiymətləndirir və onu İslam dünyasında lider ölkələrdən biri kimi qəbul edirlər.

Azərbaycanın ərəb dünyasında nüfuzunun artmasının digər mühüm istiqaməti humanitar və mədəni əlaqələrin inkişafıdır. Heydər Əliyev Fondu və digər təşkilatlar ərəb ölkələrində humanitar layihələr həyata keçirir, təhsil, səhiyyə və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirirlər. Azərbaycanın ərəb ölkələri üçün əhəmiyyətinin artmasına iqtisadi şaxələnmə və əlverişli investisiya mühiti də təsir göstərir. Ölkəmiz regionda sabitlik adası kimi tanınır və investorlar üçün etibarlı tərəfdaş hesab olunur. Ərəb kapitalı artıq Azərbaycanın turizm, daşınmaz əmlak, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi qeyri-neft sektorlarına da yönəlməyə başlayıb.

Ölkəmiz tərəfindən illərlə həyata keçirilən balanslaşdırılmış xarici siyasət, iqtisadi sabitlik, multikultural dəyərlərə sadiqlik və qarşılıqlı hörmət prinsipləri ərəb dünyası ilə münasibətlərdə də özünü göstərir. Şübhə yoxdur ki, qarşıdakı dövrdə Azərbaycanla ərəb ölkələri arasında əlaqələrin daha da dərinləşməsi, yeni strateji tərəfdaşlıqların qurulması və qarşılıqlı investisiya layihələrinin artması gözlənilir. Bu, bütün tərəflərin maraqlarına cavab verdiyi üçün proses məhz bu istiqamətdə uğurla inkişaf edir.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?