MTM: Azərbaycanda e-xidmətlərə etimad artır - TƏHLİL

2025-ci ilin sentyabrında Azərbaycanda onlayn dövlət platformalarına olan maraqda müəyyən qədər azalma müşahidə olunub. Media Təhlil Mərkəzinin (MTM) apardığı təhlilə əsasən, həmin dövrdə sözügedən xidmətlərlə bağlı platformalara ziyarətlərin ümumi sayı azalsa da, istifadəçilər həmin platformalarda daha çox vaxt keçirmə müddəti və səhifələrə baxış sayları artıb. Bu isə rəqəmsal platformaların keyfiyyətcə inkişaf etdiyini və dövlətin onlayn xidmətlərinə olan etimadın artdığını göstərir.
Sentyabr ayında Dövlət Vergi Xidmətinin əsas platforması olan e-taxes.gov.az saytının auditoriyası təxminən 17% azalıb (1,41 milyondan 1,18 milyona), lakin istifadəçilərin aktivliyi artıb: orta sessiya müddəti 20 dəqiqədən 21 dəqiqəyə, baxılan səhifələrin sayı isə 18,4-dən 20,1-ə yüksəlib. Bu göstəricilər sayta marağın azalmadığını, əksinə, daha məqsədyönlü istifadə tendensiyasının gücləndiyini göstərir.
Oxşar dinamika my.gov.az platformasında da müşahidə olunub. Müxtəlif dövlət xidmətlərini birləşdirən bu portala ziyarətlərin sayı 571 mindən 353 minə enib. Bununla belə, orta baxış müddəti 2,5 dəqiqə, baxılan səhifələrin sayı isə təxminən beş səviyyəsində qalıb. Bu da göstərir ki, aktiv istifadəçilərin sayı sabit qalıb, sadəcə, onlar platformadan daha məqsədli şəkildə istifadə etməyə başlayıblar.
Sektor üzrə fərqli xidmətlər də maraqlı nəticələr göstərib. eservice.migration.gov.az (Miqrasiya Xidməti) portalında ziyarətlərin sayı on dəfədən çox artaraq 5,5 mindən 51 minə çatıb, orta baxış müddəti isə 2 dəqiqədən 6,5 dəqiqəyə yüksəlib. Bu, həm xarici vətəndaşların artan aktivliyini, həm də saytın funksionallığının təkmilləşdirilməsini əks etdirə bilər. Oxşar artım exidmet.justice.gov.az (Ədliyyə Nazirliyinin e-xidmətləri) saytında da qeydə alınıb — burada ziyarət sayı iki dəfəyə yaxın artıb.
Bəzi platformalarda isə həm ziyarətlərin, həm də baxış dərinliyinin azalması müşahidə olunub. Məsələn, asanpay.az (dövlət ödəniş sistemi) saytında trafikin təxminən üçdə biri, asanimza.az platformasında isə 25%-dən çox hissəsi itirilib. Ekspertlərin fikrincə, bu azalma mövsümi dəyişikliklər və ya mobil tətbiqlərə keçidin güclənməsi ilə əlaqədar ola bilər.
Ümumilikdə, təhlilin nəticələri göstərir ki, Azərbaycanda rəqəmsal dövlət xidmətləri ekosistemi sabit və dayanıqlı şəkildə fəaliyyət göstərir. İstifadəçilər artıq daha şüurlu davranış modeli nümayiş etdirirlər: saytlara məqsədsiz daxilolmalar azalır, lakin real ehtiyac yarandıqda onlar platformalarda daha çox vaxt keçirirlər. Bu tendensiya rəqəmsal mədəniyyətin yetkinləşdiyini və e-xidmətlərin vətəndaş–dövlət münasibətlərində gündəlik alətə çevrildiyini sübut edir.