30 aprel

Ermənistanın çıxılmaz dilemması: Sülh qatarına minməyən, inkişaf stansiyasına çata bilməz - ŞƏRH

Siyasətdə bəzi fürsətlər var ki, onları əldən vermək təkcə keçici zərər deyil – strateji fəlakətə çevrilə bilər. Ermənistan hazırda belə bir dönüş nöqtəsindədir. Bakıdan uzanan sülh əli hələ də havadadır. Amma İrəvan ya tərəddüd edir, ya da kənardan gələn gurultulu, lakin mənasız məsləhətlərin sədası altında addım atmamağı üstün tutur. Nəticə? Özünütəcrid, iqtisadi marjinallaşma və regional proseslərin dalğasında oyuncaq statusu.

Bir az geriyə baxaq. Ermənistanın regionda tranzit, energetika və nəqliyyat baxımından real çəkisi olsaydı, indi çox fərqli mənzərə ilə üz-üzə qalardıq. Amma reallıq nədir? Transmilli layihələrin heç birində Ermənistanın adı yoxdur. Azərbaycanın iştirakı ilə reallaşan – yaxud onun razılığı olmadan reallaşmayacaq – regional planlar İrəvan üçün sadəcə müşahidə obyekti olaraq qalır. Çünki regionun real oyun qurucusu artıq Azərbaycandır. Bu, istər Cənubi Qafqaz, istər Xəzər hövzəsi, istərsə də Orta Dəhliz kimi qlobal layihələr baxımından açıq-aşkar görünür.

Azərbaycanla əməkdaşlıq etmədən Ermənistanın bu nəhəng iqtisadi-siyasi mexanizmlərə qoşulmaq şansı yoxdur. Və bu tək Azərbaycanın “mən icazə vermirəm” mövqeyi deyil. Məsələ burasındadır ki, artıq digər böyük güclər də – xüsusilə Çin – bu yeni reallığı qəbul edib. Prezident İlham Əliyevin Çinə səfəri sadəcə iki ölkə arasında rəsmi münasibətlərin möhkəmləndirilməsi deyildi. Bu səfər, eyni zamanda, Çinin Cənubi Qafqazda hansı tərəfi tərəfdaş seçdiyinin birmənalı göstəricisi idi. Çin Azərbaycanın regiondakı liderliyini tanıyır və bu çərçivədə oyun qurmaq niyyətindədir.

Ən maraqlısı budur ki, bu həqiqətləri artıq Ermənistan daxilində də görməyə başlayıblar. Erməni politoloqlar – məsələn, Benjamin Poqosyan – açıq şəkildə etiraf edirlər ki, Ermənistan Bakı və Ankara ilə münasibətləri normallaşdırmadan Cənubi Qafqazın yeni iqtisadi yol xəritəsində yer ala bilməz. Daha doğrusu, Zəngəzur dəhlizi açılmadan Ermənistan özünə “tranzit ölkə” deyə bilməz. Təbii ki, bu dəhlizlə təkcə mallar deyil, əməkdaşlıq, enerji və sabitlik də axacaq. Amma bunun üçün əvvəlcə siyasi iradə və sülh cəsarəti lazımdır.

Görün paradoks nədədir: Ermənistan istəsə də Çinlə strateji tərəfdaşlıq sənədi imzalaya bilmir. Niyə? Çünki bu addım onu ABŞ-Çin qarşıdurmasında çətin vəziyyətə sala bilər. Beləliklə, İrəvan nə Qərbin, nə də Şərqin etibar etdiyi aktora çevrilə bilir. Bu da öz növbəsində onu daha da kənarlaşdırır. Halbuki Azərbaycan həm Çin, həm Avropa, həm də regional oyunçularla balanslı və güclü əlaqələr qurub – bu əlaqələrin mərkəzində isə real iqtisadi və geosiyasi maraqlar dayanır.

Vahe Davtyanın bir etirafı isə xüsusi diqqətə layiqdir: “Heç bir güc mərkəzi Ermənistanı aktor kimi qəbul etmir”. Təkcə bu cümlə Ermənistanın nə dərəcədə zəif diplomatik və siyasi manevr sahəsinə malik olduğunu göstərir. Əgər sən bölgənin enerji yollarında, nəqliyyat marşrutlarında, ticarət qovşaqlarında yoxsan – sənin “strateji mövqeyin” sadəcə xəritə üzərində bir nöqtədir. Həqiqi güc isə layihələrə imza atmaqla, tərəfdaşlar qazanmaqla ölçülür.

Bütün bu mənzərə fonunda Ermənistan üçün çıxış yolu nədir? Sadədir – amma cəsarət tələb edir. Azərbaycanla sülh müqaviləsi bağlamaq, Zəngəzur dəhlizini açmaq və qonşularla əməkdaşlığa əsaslanan bir regional vizyona qoşulmaq. Əks halda, “geosiyasi tamaşaçı” olmaqdan daha artıq bir şeyə çevrilmək mümkün olmayacaq. Üstəlik, bu dəfə qatar keçəndən sonra arxasınca baxmaq belə mümkün olmayacaq – çünki marşrut dəyişəcək.

TƏHLİL ANALİTİK QRUP  

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?