30 aprel

Azərbaycanın sülh gündəliyi və Qərbin qərəzli yanaşmaları - TƏHLİL

Azərbaycanın Cənubi Qafqazda sabitlik və davamlı sülhün təmininə yönəlmiş siyasəti son illərdə beynəlxalq ictimaiyyətin bir hissəsinin qərəzli münasibəti ilə üzləşməkdədir. Xüsusilə Ermənistanın havadarı kimi çıxış edən bəzi Qərb dövlətləri, o cümlədən Fransa, Azərbaycanın separatçılığa son qoyaraq ərazi bütövlüyünü bərpa etməsini qəbul etmək istəmirlər. Bu ölkələrin və təşkilatların Azərbaycanın daxili işlərinə qarışmağa yönəlmiş bəyanat və addımları, əslində, Ermənistanın maraqlarını müdafiə edən kampaniyanın tərkib hissəsidir.

Fransa uzun müddət Ermənistanın təcavüzkar siyasətinə dəstək verməklə yanaşı, Azərbaycanın Qarabağda qanunsuz rejimə son qoymasından sonra açıq narahatlıq ifadə etməyə başlayıb. Ermənistan-Fransa tandeminin “etnik təmizləmə” kimi əsassız ittihamlarla beynəlxalq təşkilatlarda apardığı təzyiqlər real nəticə vermədikcə, Fransa bu təşkilatları Azərbaycana qarşı alətə çevirməyə çalışır. Bu, Avropa Şurası Parlament Assambleyasındakı son hadisələrdə də öz əksini tapıb.

Qərbin bəzi aparıcı dövlətləri, ərazi bütövlüyü prinsipinə yanaşmada açıq “ikili standartlar” nümayiş etdirir. Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edən dairələr, 30 il torpaqları işğalda qalmış Azərbaycanın eyni hüququnu tanımaqda tərəddüd edirlər. Bu selektiv münasibət beynəlxalq hüququn obyektivliyini zədələyir, separatizmə dolayı yolla dəstək verir.

Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O’Flahertinin Azərbaycanda aparılan istintaq və məhkəmə prosesləri ilə bağlı son bəyanatları da ölkəmizə qarşı yönəlmiş qərəzli kampaniyanın bir hissəsidir. Halbuki komissarın əsas vəzifəsi obyektivlik nümayiş etdirmək və bütün üzv dövlətlərdə insan hüquqları ilə bağlı real problemlərə diqqət yetirməkdir. Azərbaycanın Xarici İşlər Nazirliyi də haqlı olaraq bu bəyanatlara sərt cavab verərək, komissarı ölkəmizin məhkəmə sisteminə qarışmamağa və digər Avropa ölkələrindəki real problemlərə diqqət yetirməyə çağırıb.

Azərbaycan bu cür qərəzli münasibətlərə qarşı hər zaman prinsipial mövqe nümayiş etdirib. 2024-cü ilin yanvarında AŞ PA-dakı fəaliyyətinin dondurulması ölkəmizin bu təşkilatın ikili standartlarla fəaliyyət göstərməsinə qarşı barışmaz mövqeyinin göstəricisidir. Rəsmi Bakı dəfələrlə Ermənistanın müharibə cinayətlərinin cəzasız qalmasını və “siyasi məhbuslar” kimi məsələlərin manipulyasiya predmetinə çevrilməsini kəskin tənqid edib.

Digər tərəfdən, Fransanın öz daxilində baş verən insan hüquqları pozuntuları – islamofobiya, neokolonial siyasət, etnik və sosial qruplara qarşı zorakılıq halları – beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə gündəmə gətirilmir. Bu da Qərb təsisatlarının seçici yanaşma ilə fəaliyyət göstərdiyini göstərir.

İkinci Qarabağ müharibəsindən sonra ATƏT, Avropa Şurası, Avropa İttifaqı və bəzi QHT-lər Ermənistanla dini-etnik yaxınlıq prinsipi əsasında Azərbaycana qarşı fərqli və qərəzli mövqe sərgiləyiblər. Lakin Azərbaycanın regionda möhkəmlənən mövqeyi, sülh təşəbbüsləri və ardıcıl diplomatik fəaliyyəti bu cür təsirlərin qarşısını almaqda mühüm rol oynayır.

Hazırda anti-Azərbaycan kampaniyaların əsas məqsədi ölkəmizin imicinə xələl gətirmək və Ermənistanı revanşist siyasətə təhrik edərək, sülh prosesini ləngitməkdir. Rəsmi Bakı isə hesab edir ki, sülhün başlıca şərti Ermənistanın və onun xarici havadarlarının əsassız iddialardan və təxribatlardan imtina etməsidir. Danışıqların həlledici mərhələyə daxil olduğu bir dövrdə belə kampaniyaların aparılması etimad quruculuğuna ciddi zərbə vurur.

TƏHLİL ANALİTİK QRUP  

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?