13 oktyabr

Özbək ekspert: “İlham Əliyevin təşəbbüsü türk dünyasında təhlükəsizlik arxitekturasını formalaşdıracaq” - RƏY

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin 2026-cı ildə Azərbaycanda birgə hərbi təlimlər keçirməsi ilə bağlı irəli sürdüyü təklif çox mühüm mesajdır.

Bunu təhlil.az saytına Ümumdünya İqtisadiyyat və Diplomatiya Universitetinin (Daşkənd) politologiya kafedrasının professoru, tarix elmləri doktoru Rano Tursunova açıqlamasında deyib. 

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının XII Zirvə Toplantısında iştirak edən bütün liderlərin çıxışlarını diqqətlə izlədiyini deyən ekspert bildirib ki, Azərbaycan Prezidentinin çıxışı irəli sürdüyü təşəbbüslərlə xüsusilə ilə fərqlənirdi.

Onun fikrincə, Azərbaycan Prezidentinin təklifi hazırki dövrdə çox zəruri təşəbbüsdür: 

"Çünki bu gün dünyada baş verən hadisələr, o cümlədən yeni “qaynar nöqtələrin” yaranması, təhlükəsizlik məsələlərini hər bir dövlətin xarici siyasətinin əsas prioritetinə çevirib. Bu baxımdan, Prezident İlham Əliyevin təklifi vaxtında verilmiş və strateji mahiyyət daşıyan təşəbbüsdür".

R. Tursunova həmçinin Azərbaycanla Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində bir çox ortaq maraqların, o cümlədən nəqliyyat infrastrukturu və iqtisadi əməkdaşlıq sahəsində ciddi şəkildə üst-üstə düşdüyünü də qeyd edib:

“Türk Dövlətləri Təşkilatına üzv ölkələr bu platforma vasitəsilə bir çox iqtisadi məsələləri, o cümlədən ortaq layihələri birlikdə həll edirlər. Özbəkistan və Azərbaycanın maraqları bu sahədə tam uyğun gəlir. Bakı çox əlverişli coğrafi mövqeyə malikdir". 

Professor vurğulayıb ki, Azərbaycanın dənizə çıxışı ölkəmiz üçün böyük üstünlük və sərvətdir:

“Azərbaycan dənizə çıxışı olan, dəniz ticarətini aktiv inkişaf etdirən bir dövlətdir. Özbəkistanın isə açıq dənizlərə və okeanlara çıxışı yoxdur. Biz yalnız iki ölkənin ərazisindən keçməklə bunu edə bilərik. Bu baxımdan, dünyada belə vəziyyətdə olan cəmi iki ölkə var – Lixtenşteyn və Özbəkistan. Amma bizim coğrafi mövqeyimiz çox əlverişlidir. Bu sahədə maraqlarımız Azərbaycanın maraqları ilə tam şəkildə üst-üstə düşür. Hazırda biz Transxəzər və ya Orta Dəhliz layihəsi çərçivəsində çox sıx əməkdaşlıq edirik və hesab edirəm ki, bu istiqamətdə qarşılıqlı faydalı nəticələr əldə olunacaq”.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?