“Düşənbə görüşü Azərbaycan–Rusiya münasibətlərində müsbət dönüş yaratdı” - AÇIQLAMA

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin Düşənbədə baş tutan görüşü iki ölkə arasında münasibətlərin çox pozitiv istiqamətdə inkişaf etdiyini göstərir.
Bu fikirləri təhlil.az saytına Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan–Rusiya münasibətlərində normallıq iki ölkə arasında əlaqələrin təkcə liderlər səviyyəsində deyil, həm də enerji, iqtisadiyyat və nəqliyyat kimi sahələrdə dərin inteqrasiya üzərində qurulmasıdır:
Onun sözlərinə görə, son on ayda siyasi komponent bir qədər gərginləşmişdi və elə təəssürat yaranmışdı ki, bu, artıq normadan kənar vəziyyətdir: " Düşənbədəki görüş isə həmin vəziyyəti dəyişən çox müsbət hadisə oldu”.
Ekspert qeyd edib ki, Düşənbədə baş tutan görüş həm Azərbaycan, həm də Rusiya cəmiyyətində müəyyən sakitlik yaratmağa xidmət etdi:
"Xüsusilə media müstəvisindəki volatilliyi tənzimləmək baxımından əhəmiyyətli idi. Çünki son on ayda həm Azərbaycan, həm də Rusiya mediasında kifayət qədər neqativ materiallar yayılmışdı. Düşənbədə səslənən mesajlardan sonra ictimai gərginlik bir neçə dəfə azaldı”.
Ə. Əlili əlavə edib ki, Moskva Bakıya bərabər tərəfdaş kimi yanaşmalıdır: “Düşünmürəm ki, bu görüş bütün problemləri birdəfəlik həll etdi. Əsas məsələ ondadır ki, Azərbaycanın regional və qlobal müstəvilərdə mövqeyi çox sürətlə dəyişir. Rusiya isə bu yeni reallıqlara uyğunlaşmaq mərhələsindədir. Moskva Cənubi Qafqazda formalaşmış yeni geosiyasi status-kvonu nəzərə almalı və Azərbaycanı bərabərhüquqlu tərəfdaş kimi qəbul etməlidir. Putinin Düşənbədəki bəyanatı da bu istiqamətdə mühüm mesaj xarakteri daşıyır".
Rasim Babayev