Fərhad İbrahimov: “İranda hicabın ləğvi yaxın illərdə mümkün deyil” - AÇIQLAMA

"İranda hicab geyinmək və ya geyinməmək məsələsi olduqca mürəkkəb xarakter daşıyır. Bəzi informasiya agentliklərində yayılan “İran qadınlarına hicabsız gəzməyə icazə verilib” kimi xəbərlər həqiqəti əks etdirmir".
Bu fikirləri təhlil.az saytına İran və Yaxın Şərq ölkələri üzrə politoloq, Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) iqtisadiyyat fakültəsinin müəllimi, Ali İqtisadiyyat Məktəbinin dəvətli mühazirəçisi Fərhad İbrahimov açıqlamasında deyib.
Sözügedən məsələ haqqında rəsmi təsdiqin olmadığını deyən politoloq söyləyib ki, belə bir fikrin qeyri-rəsmi formada səsləndirilməsi məsələnin tam şəkildə həll olunması anlamına gəlmir.
Politoloq vurğulayıb ki, hicabla bağlı qərarlar yalnız parlament səviyyəsində qəbul edilə bilər:
“Qanun layihəsi əvvəlcə parlamentdə təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır. Ancaq bu sənədin qüvvəyə minməsi üçün ən son imza İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei tərəfindən atılmalıdır. Çünki hicab məsələsi İranda təkcə mədəni deyil, həm də dini və ideoloji məsələ sayılır və bu, birbaşa Xameneinin səlahiyyətinə aiddir. O isə hələ ki, bu məsələyə mənfi yanaşır, çünki söhbət təkcə hicabdan getmir”.
Ekspert qeyd edib ki, İranda hicab taxmaq haqqında ayrıca qanun yoxdur:
“İranda başörtüyü taxmaq qanunla tələb olunur. Hicabla başörtüyü arasında fərq var. Qadınların başını örtməsi məsələsi 1979-cu il İslam inqilabından sonra qəbul edilmiş fundamental prinsiplərdən biridir və Xameneinin əsas vəsiyyətlərindən sayılır. Ona görə də bu qanunun ləğvi asan məsələ deyil.”
F.İbrahimov hesab edir ki, bu məsələnin ləğvi yalnız dini deyil, həm də siyasi nəticələr doğura bilər:
“Əgər bu qanun aradan qaldırılsa, sabah həmin qruplar daha geniş güzəştlər tələb edə bilər. Bu isə artıq İslam Respublikasının ideoloji əsaslarına zərbə demək olar.”
Politoloq əlavə edib ki, İran Prezident Məsud Pezeşkian daha liberal siyasətçi kimi tanınsa da, bu məsələdə onun səlahiyyətləri məhduddur:
“O ölkənin iqtisadi və sosial siyasətinə cavabdehdir, dini və ideoloji məsələlər isə onun səlahiyyətlərinə daxil deyil. Üstəlik, parlament hazırda konservativlərin nəzarətindədir və spiker bu qanunun dəyişməsinə qarşı çıxacaq. Eyni zamanda, Xamenei də bu məsələyə qəti etiraz edir”.
"İranda dəyişiklik prosesi mümkündür, lakin bu, vaxt tələb edəcək. İran cəmiyyəti və siyasi elita bu məsələdə hələ tam yetişməyib. Ola bilər ki, beş il sonra və ya daha tez bu istiqamətdə addımlar atılsın, amma bu, tədricən və ehtiyatlı şəkildə baş verəcək”, - deyə, F. İbrahimov sonda bildirib.
Rasim Babayev