ADNA-da törədilən terror aktından 16 il ötür

Bu gün – aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (keçmiş ADNA) baş vermiş dəhşətli terror aktının 16-cı ildönümüdür.
Təhlil.az xəbər verir ki, 2009-cu il tarixində baş verən hadisə Azərbaycanın ali təhsil tarixində ən faciəli günlərdən biri kimi yadda qalıb.
Həmin gün səhər saatlarında universitetin ikinci tədris korpusuna daxil olan silahlı şəxs – Gürcüstan vətəndaşı Fərda Qədirov, "Makarov" tipli tapança ilə müəllim və tələbələrə atəş açaraq 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Cinayətkar sonradan özünü öldürüb.
Terror hadisəsindən dərhal sonra hüquq-mühafizə orqanları hadisəyə müdaxilə edib və cinayətdə iştirakı olan digər şəxslər ədalət qarşısında cavab veriblər.
Prezident İlham Əliyev həlak olanların ailələrinə və yaralananlara maddi yardım ayrılması barədə sərəncam imzalayıb. Universitet binasında faciə qurbanlarının xatirəsinə barelyef qoyulub, "Bir sal yadına" adlı sənədli film hazırlanıb. Hər il ADNSU-da bu hadisə xatırlanır və xatirə tədbirləri keçirilir.