“Azərbaycan və Qazaxıstan TDT-nin lokomotividir” – Talqat Kaliyev - AÇIQLAMA

Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatının (TDT) əsas hərəkətverici qüvvələridir.
Bu fikri təhlil.az saytına Qazaxıstan Prezidentinin yanında fəaliyyət göstərən Milli Qurultayın üzvü, politoloq, siyasi elmlər namizədi Talqat Kaliyev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının sammitinin nəticələrini şərh edərkən bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev və Qazaxıstanın Prezidenti Qasım-Jomart Tokayev təşkilat çərçivəsində daim fəallıq göstərir, real və faydalı təşəbbüslərlə çıxış edirlər.
“Xatırlayıram, məhz Azərbaycan tərəfi infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün fond yaradılması təşəbbüsü ilə çıxış etmişdi və bu artıq reallaşıb. Bizim prezident ümumtürk əlifbasının hazırlanması ideyasını irəli sürmüşdü və bu təşəbbüs də həyata keçirilib. Yəni Azərbaycan və Qazaxıstan maksimum fəallıq göstərərək son dərəcə faydalı və praktik təşəbbüslərlə çıxış edirlər. Bu baxımdan, hər iki ölkənin rolunu qiymətləndirməmək mümkün deyil” – deyə, ekspert vurğulayıb.
O, Prezident İlham Əliyevin TDT çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi təklifini tamamilə vaxtında və strateji baxımdan mühüm təşəbbüs adlandırıb:
“Bu çox vacib addımdır, çünki biz müasir dövrün çağırışlarına cavab verməliyik və öz müdafiə qabiliyyətimizi inkişaf etdirməliyik. Bunu birlikdə, koordinasiyalı şəkildə etmək daha məqsədəuyğundur".
Qazaxıstanlı ekspert hesab edir ki, Türk Dövlətləri Təşkilatı bu gün ən ardıcıl və dinamik inteqrasiya birliklərindən biridir:
"Əvvəllər təşkilat əsasən mədəni və humanitar əlaqələrin inkişafına yönəlmişdisə, indi iqtisadiyyat, nəqliyyat, logistika və hərbi-texniki sahələri də əhatə edir. Yaxın illərdə süni intellekt və rəqəmsal əməkdaşlıq istiqamətləri də təşkilatın fəaliyyətində mühüm yer tutacaq. Xüsusilə, Azərbaycan və Qazaxıstan arasında optik-fiber kabelin çəkilməsi bu sahədəki potensialı artırır və rəqəmsal inteqrasiyanı gücləndirəcək”.
T. Kalıyev həmçinin TDT-nin coğrafiyasının genişlənməsinin beynəlxalq nüfuzunu artırdığını qeyd edib.
Onun fikrincə, Macarıstanın təcrübəsinə Avropanın digər ölkələri, xüsusilə Fransa və Almaniya kimi dövlətlər də qoşula bilər. Eyni zamanda, Çin Transxəzər Nəqliyyat Dəhlizinin inkişafında maraqlıdır və TDT ilə əməkdaşlıqdan fayda görə bilər.
Politoloqun fikrincə, Türk dünyası hazırkı geosiyasi qeyri-sabitlik şəraitində Avrasiya üçün sabitləşdirici qüvvə rolunu oynaya bilər:
“TDT ölkələri bu gün beynəlxalq arenada ən sabit və balanslı dövlətlərdir. Biz eyni zamanda ABŞ, Rusiya və Çinlə yaxşı münasibətlər saxlayırıq, Şanxay Əməkdaşlıq Təşkilatında iştirak edirik. Azərbaycan həm Türkiyə, həm İsraillə mükəmməl əməkdaşlıq qurub. Belə bir şəraitdə türk dünyası qlobal təhlükəsizlik üçün yeni modellər təklif edə bilər”.