06 oktyabr

Ekspert: “Avropa İttifaqı Gürcüstan üçün hələ çox uzaqdadır” - AÇIQLAMA

Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlüyü yaxın gələcəkdə mümkün görünmür.

Bu fikirləri təhlil.az- saytına Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) beynəlxalq münasibətlər üzrə magistratura və bakalavr proqramlarının rəhbəri, politoloq professor Tornike Şaraşenidze açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstanın Aİ-yə qəbul olunması məsələsi ilk növbədə Ukraynadakı müharibənin gedişi ilə birbaşa bağlıdır:

“Düşünürəm ki, Gürcüstanın Avropa İttifaqına üzvlüyü çox uzaq perspektivdir. Bu məsələ Ukrayna müharibəsinin nəticələrindən asılıdır. Bundan əlavə, Aİ-yə yeni üzv qəbul olunması üçün bütün üzv ölkələrin razılığı tələb olunur. Məsələn, hazırkı hakim partiya -"Gürcü arzusu" Baltik ölkələrində çox mənfi imicə malikdir. Onlar bu partiyanı sevmirlər. Üstəlik, Gürcüstan nə iqtisadi göstəricilər, nə də demokratiya səviyyəsinə görə Avropa standartlarına uyğun gəlir”.

Professor oktyabrın 4-də Tbilisidə keçirilən bələdiyyə seçkiləri günü baş verən müxalifət etirazlarını da şərh edib:

“Açığı, mən başa düşə bilmirəm, kim və nəyə görə inandı ki, Gürcüstanda inqilab baş verə bilər. Üstəlik, əvvəlcədən elan edilmiş "inqilab" tam absurd vəziyyətdir. Mən dünya tarixində elə bir hal xatırlamıram ki, inqilabın tarixi və saatı öncədən açıqlansın. Guya saat 4-də toplaşacaq, lider çıxış edəcək və o andan etibarən "Gürcü arzusu" hakimiyyətdən gedəcək. Bu, sadəcə, absurd teatr idi”.

Ekspertin fikrincə, müxalifətin bu addımı, çox güman ki, Gürcüstanın xüsusi xidmət orqanlarının təxribatı olub:

“Onlar, yəqin ki, xüsusi xidmət orqanlarının təxribatına uyublar. Müxalifətə yalan məlumat verilib ki, guya siz küçəyə çıxsanız, polis və təhlükəsizlik xidmətlərinin yarısı sizin tərəfinizə keçəcək. Amma nəticədə onlar həbs olundular və indi dövlət çevrilişinə cəhd ittihamı ilə məsuliyyətə cəlb ediliblər. Onlara nə Avropa İttifaqı, nə də başqa kimsə yardım edə bilər, çünki bu, açıq-aşkar çevriliş cəhdi idi”.

Şaraşenidze əlavə edib ki, ötən ilin dekabrında müxalifət Gürcüstanda “maydan” tipli etirazlara çox yaxın idi, lakin o zaman da inqilab baş tutmadı:

“Dünən baş verən hadisələr isə ümumiyyətlə absurd idi. Bu aksiyalar Gürcüstanın demokratiyasına ciddi zərbə vurdu” – deyə, professor vurğulayıb.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?