06 oktyabr

Paşinyan “Real Ermənistan” ideologiyasını sülh konsepsiyası kimi təqdim edir - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan bu ilin fevral ayında konkret layihə formatında irəli sürdüyü “Real Ermənistan ideologiyası”nın təbliğatı ilə şəxsən özü məşğul olur. O, keçirdiyi görüşlərdə bununla bağlı geniş məlumat verir və ictimai rəyi sülh prosesinə hazırlamağa çalışır.

Oktyabrın 4-də İrəvanda yeni biznes mərkəzinin binasının açılış mərasiminə qatılan N. Paşinyan bir sıra məsələlərlə yanaşı, irəli sürdüyü ideologiyanın mahiyyətindən, onun regionda sülhün əldə edilməsi prosesindəki rolundan da geniş söz açıb.

“Real Ermənistan” ideologiyası, əslində, postmüharibə dövründə Ermənistan hökumətinin cəmiyyəti yeni reallıqlara siyasi və psixoloji baxımdan uyğunlaşdırmaq istiqamətində həyata keçirdiyi məqsədyönlü ideoloji layihədir. Bu ideologiyanın mahiyyətində daxili siyasi sabitliyi təmin etmək, beynəlxalq miqyasda Ermənistanın “reallıqla barışmış və sülhü seçmiş dövlət” obrazını formalaşdırmaq niyyəti dayanır.

N. Paşinyan çıxışlarında “Real Ermənistan” ideyasını “həyatverici və sülhyaradıcı konsepsiya” kimi təqdim etməklə, əslində, xalqı Yekun Sülh Sazişinin vacibliyinə inandırmağa, uzun illər boyu ictimai düşüncəyə hakim kəsilmiş radikal-revanşist fikirlərdən uzaqlaşdırmağa çalışır.

Bu ideologiya, ilk növbədə, Ermənistanın 2020 və 2023-cü illərdəki hərbi-siyasi məğlubiyyətlərinin doğurduğu siyasi zərurətin və dərin sosial sarsıntının nəticəsidir. Ermənistan cəmiyyətinin postmüharibə dövründə yaşadığı mənəvi və ideoloji boşluq hökuməti yeni ideoloji-siyasi istinad dayaqları axtarışına məcbur edib.

N. Paşinyan açıq etiraf edir ki, cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, xüsusən də müharibə və itkilərin ağır yükünü daşıyan təbəqənin səsini dinləyərək yeni ideologiyanın hazırlanmasına qərar verib. Ermənistanın işğalçı siyasətinin doğurduğu müharibənin faciəvi nəticələrini taleyində yaşayan ermənilər daha rasional mövqedən çıxış edərək regionda sabitliyin vacibliyini etiraf edir və hökumətin sülhyönümlü siyasət yürütməsini istəyirlər.

Bu kontekstdə demək olar ki, “Real Ermənistan” ideologiyası Ermənistan üçün yeni dövrün ideoloji çərçivəsini müəyyənləşdirmək cəhdidir. Əgər 2020-ci ilədək Ermənistanın dövlət siyasəti “yeni ərazilər uğrunda yeni müharibə” kimi absurd ritorika üzərində qurulmuşdusa, ağır hərbi məğlubiyyətlərdən sonra baş nazir N. Paşinyan bu siyasəti dəyişərək “barışıq, sabitlik və reallığın qəbul edilməsi” konsepsiyasını irəli sürür.

Yeni ideologiya bir tərəfdən məğlubiyyəti ideoloji əsaslandırmağa, digər tərəfdən Ermənistanı təcrid vəziyyətindən çıxarmağa və regional əməkdaşlıq mühitinə inteqrasiyasına xidmət edir.

2020–2023-cü illərdə Ermənistan daxilində cərəyan edən mürəkkəb siyasi proseslər bu transformasiyanın zəruriliyini bir daha sübut edib. İkinci Qarabağ müharibəsindən sonra cəmiyyətin müəyyən hissəsi “qisas” və “itirilmiş torpaqların qaytarılması” kimi çağırışlara, revanşizmə sürüklənmişdi. Lakin Azərbaycanın yürütdüyü uğurlu diplomatiya və hərbi-siyasi təzyiq üsulları mövcud geosiyasi reallığın dəyişməsinin mümkünsüzlüyünü göstərdi.

Xüsusən də lokal antiterror tədbirlərindən sonra Ermənistan cəmiyyəti anladı ki, Azərbaycanın konstruktiv mövqeyi beynəlxalq birlik tərəfindən də dəstəklənir. Belə bir şəraitdə “Real Ermənistan” ideologiyası daxili təlatümləri azaltmaq və cəmiyyəti qonşulara qarşı ərazi iddialarından uzaqlaşdırmaq məqsədinə xidmət edir.

N. Paşinyanın son zamanlar tez-tez səsləndirdiyi “Sülh ikitərəfli prosesdir” fikri də Ermənistan diplomatiyası üçün mühüm yenilik hesab oluna bilər. Əgər əvvəlki illərdə Ermənistan rəhbərliyi sülh anlayışını birtərəfli, yalnız öz maraqlarına uyğun şəkildə təqdim edirdisə, son iki ildə güzəştlərin, reallıqların qəbul edilməsinin və qonşularla konstruktiv münasibətlərin vacibliyinin təşviqi diqqət çəkir.

“Real Ermənistan” ideologiyası, eyni zamanda, bu ölkənin uğursuz xarici siyasətini yenidən müəyyənləşdirmək cəhdidir. N. Paşinyan bu ideologiya vasitəsilə ölkəsini Rusiyanın asılılığından uzaqlaşdıraraq Qərbyönümlü siyasi sistemin bir hissəsinə çevirmək niyyətini gizlətmir. Son illərdə ABŞ və Fransa ilə siyasi əlaqələrin intensivləşməsi, NATO ilə əməkdaşlığın genişlənməsi məhz bu siyasətin tərkib hissəsidir. Ermənistanın baş naziri yeni geosiyasi xəttin ideoloji əsaslandırılmasına çalışır.

Qeyd edilməlidir ki, 2025-ci il 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra bu ölkədə revanşist qüvvələrin iflası sürətlənib, ictimai diskursda sülh və əməkdaşlıq tezisləri ön plana çıxıb. Hökumətin sülh gündəminə qarşı etirazlar əvvəlki kimi intensiv və kütləvi xarakter daşımır. Bu vəziyyət göstərir ki, hökumət cəmiyyətin həlledici hissəsini reallıqla barışmağın zəruriliyinə inandıra bilib.

Ermənistan parlamentinin ötən həftə 8 avqust 2025-ci il tarixli Vaşinqton razılaşmalarını dəstəkləyən bəyanatı da yeni ideologiyanın praktik təsirini nümayiş etdirir. Həmin bəyanat Ermənistanın sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması kimi fundamental məsələlərdə öhdəliklərini təsdiqləyib. Bu, faktiki olaraq N. Paşinyanın “Real Ermənistan” ideologiyasının dövlət siyasətinə çevrildiyini və parlament səviyyəsində legitimləşdiyini göstərir. Ermənistan artıq Zəngəzur dəhlizinin — TRIPP yolunun iqtisadi potensialını və regiondaxili əməkdaşlığın fürsət ola biləcəyini açıq etiraf etməyə başlayıb.

Bununla belə, Ermənistanın hazırkı Konstitusiyasında və dövlət simvollarında qonşu ölkələrə qarşı ərazi iddialarının mövcudluğu bu ideologiyanın səmimiliyini şübhə altına alır. Rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, əgər rəsmi İrəvan doğrudan da sülh istəyirsə, konstitusiyasında dəyişiklik etməlidir. Əks halda, “Real Ermənistan” ideologiyası yalnız “gözdən pərdə asmaq” və siyasi manevr cəhdi kimi dəyərləndiriləcək.

Bu ideologiyanın reallığa adekvatlığı və səmimiliyi yalnız konkret nəticələrlə – Yekun Sülh Sazişinin imzalanması, ərazi iddialarının hüquqi baxımdan ləğvi və qonşularla real əməkdaşlıq mexanizmlərinin formalaşması ilə ölçülə bilər.

MTM Analitik Qrupu 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?