04 oktyabr

Avropa İttifaqı vəziyyəti gərginləşdirir – Eskalasiya təhlükəsi qapıda - ŞƏRH

Son dövrlər Avropa İttifaqı ilə Rusiya arasındakı münasibətlərdə gərginlik getdikcə artır. Qərbin Ukraynanı dəstəkləməsi və silahla təmin etməsi, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi vəziyyəti daha da qızışdırıb. Bundan əlavə, bir sıra Avropa ölkələrində PUA-ların aşkar olunması əlavə narahatlıq yaradıb. Bir neçə gün ərzində Avropa İttifaqının atdığı addımlar göstərir ki, hərbi kurs regionda eskalasiyaya səbəb ola bilər.

Kopenhagen Demokratiya Sammitində səsləndirilən bəyanatlar da Avropa İttifaqının faktiki olaraq Avropanı müharibəyə doğru sürüklədiyini göstərir. Brüsseldə Ukraynaya vəsait ayrılması, Aİ-yə üzvlüyünün sürətləndirilməsi və silah tədarükünün maliyyələşdirilməsi aktiv şəkildə müzakirə olunur. Bu isə birbaşa hərbi kursun siqnalı kimi qəbul edilir. Ekspertlər qarşıdan gələn ayların xüsusilə gərgin və təhlükələrlə dolu ola biləcəyini istisna etmirlər.

Maraqlıdır ki, Moskva da açıqlamalarında Avropa İttifaqı ilə mümkün hərbi toqquşmaya hazır olduğunu sətiraltı vurğulayır. Bu isə vəziyyəti daha da təhlükəli edir və üçüncü dünya müharibəsi ehtimalını artırır. Bəzi Qərb dairələri mümkün ssenaridə Rusiyanın nüvə silahından istifadə ehtimalının yüksək olduğunu bildirirlər.

Bununla belə, Avropa hərbi kursunu gücləndirməkdə davam edir. Fransada general Pyer Şill 2026-cı il üçün müdafiə büdcəsinin 3 milyard avrodan çox artırılacağını açıqlayaraq, müasir sistemlər və pilotsuz təyyarələrlə təchiz olunmuş yeni artilleriya briqadalarının yaradılacağını bildirib. NATO da bölgədə aktivləşib. Rusiya və Belarusun hərbi təlimlərinə cavab olaraq, alyans Rumıniya və Bolqarıstanda genişmiqyaslı manevrlər keçirməyi, eləcə də Fransanın tank briqadasını xaricdə yerləşdirməyi planlaşdırır. Aİ isə Ukrayna ərazisində hərbi təlimlərin keçirilməsini müzakirə edərək, bölgədə hərbi mövcudluğun artırılmasına işarə edir.

Bundan başqa, Polşa və Almaniya kimi ölkələrdə hərbi xidmətin bərpası və ehtiyatda olan hərbçilərin hazırlanması planları gündəmdədir. Bu tədbirlər artan hərbi gərginliyin və yeni geosiyasi çağırışlara hazırlığın göstəricisi hesab olunur.

Hikmət Həsənov 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?