03 oktyabr

Kopenhagen zirvəsi: Azərbaycanın qlobal təsir imkanları artır - TƏHLİL

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasi çəkisinin və nüfuzunun artmasında lider diplomatiyasının xüsusi rolunun olması danılmaz həqiqətdir. Sözügedən kontekstdə Prezident İlham Əliyevin yürütdüyü fəal xarici siyasət kursu, onun çoxsaylı beynəlxalq görüşləri və danışıqları Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsində mühüm amillərdən biri kimi qiymətləndirilir. Bu görüşlər həm ikitərəfli, həm də çoxtərəfli formatlarda həyata keçirilir və Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş, güvənilən söz sahibi kimi tanınmasına şərait yaradır. Azərbaycan liderinin Danimarkanın paytaxtı Kopenhagen şəhərində Avropa Siyasi Birliyinin yeddinci Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlər də bu prizmadan qiymətləndirilə bilər.

Həmin görüşlər və aparılan müzakirələr bir daha ölkəmizə beynəlxalq müstəvidə yüksək diqqətin olduğunu, xüsusən də Avropanın Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu təsdiq etdi. Məsələn, dövlət başçısının Moldovadan olan həmkarı Maya Sandu ilə görüşündə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə də enerji sahəsində əməkdaşlıq əsas diqqət mərkəzində olub. Prezident Maya Sandu Moldovanın enerji ehtiyaclarının qarşılanmasında Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.

Prezident İlham Əliyevin Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə görüşü də qarşılıqlı münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edib. Görüş zamanı Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişaf etdirilməsi və yeni səviyyəyə qaldırılması üçün yaxşı imkanların olması diqqət mərkəzində olub. Avropa təmsilçiləri həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının Avropa İttifaqı üçün mühüm istiqamət olduğunu bəyan ediblər. Bundan başqa, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol xüsusi vurğulanıb. 2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair əldə edilmiş razılaşmaya uyğun olaraq Azərbaycanın Avropanın qaz bazarına ixracının artırılması məmnunluqla qarşılanıb. Prezident İlham Əliyev hazırda Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinin Azərbaycan qazını aldığını bildirib və bunun Avropa İttifaqının enerji təhlükəsizliyinə mühüm töhfə olduğunu qeyd edib. Dövlət başçısı Azərbaycanın Orta Dəhlizin inkişafında oynadığı rolu vurğulayaraq, ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Hazırda Mərkəzi Asiyadan Azərbaycan ərazisindən nəqliyyat daşımalarının həcminin artdığı da diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni ilə görüşü də iki ölkə arasında münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişafı, enerji sahəsində uğurlu əməkdaşlıq, investisiyalar, mədəniyyət, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycan liderinin Ukrayna Prezidenti Volodimir Zelenski, Niderland Krallığının Baş naziri Dik Sxof və Fransa Prezidenti Emmanuel Makronla görüşləri də aparılan müzakirələrin genişliyi və ölkəmizə göstərilən diqqətin bariz nümunəsi olub.

Bütün bunlar təsdiq edir ki, Prezident İlham Əliyevin beynəlxalq görüşləri yalnız protokol xarakteri daşımır, onlar strateji mahiyyətə malikdir. Çünki hər görüşdə Azərbaycanın milli maraqları ön planda saxlanılır, ölkənin siyasi, iqtisadi və təhlükəsizlik prioritetləri tərəfdaş ölkələrin diqqətinə çatdırılır. Lider diplomatiyası vasitəsilə Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da təsir imkanlarını genişləndirir.

Konkret olaraq Kopenhagendə baş tutan görüşlər bir daha göstərdi ki, Azərbaycan Avropada enerji təhlükəsizliyinin təminində əsas tərəfdaş kimi qəbul olunur. Xüsusən də Bakı-Tiflis-Ceyhan kəmərindən sonra Cənub Qaz Dəhlizi layihəsinin uğurla reallaşdırılmasında Prezident İlham Əliyevin birbaşa iştirakı və danışıqlar masasında apardığı siyasət ölkənin beynəlxalq nüfuzunu artırıb. Yaxın gələcəkdə isə bu prosesə yaşıl enerji də daxil olacaq.

Bütün bunlar fonunda Macarıstanın Baş naziri Viktor Orban qeyd edib: “Azərbaycan Avropa İttifaqının qızıl ehtiyatıdır. Çünki bizim enerji ilə bağlı bir çox çətinliklərimiz var. Siz isə çox zənginsiniz və Avropa İttifaqı ilə əməkdaşlıq edirsiniz. Sabit və yaxşı rəhbərliyiniz var, ona görə də Azərbaycan Avropa İttifaqı üçün qızıl ehtiyatdır”.

Qeyd edilənlər Azərbaycanın Cənubi Qafqaz regionunda lider mövqeyini daha da möhkəmləndirməyə, dünyada isə mühüm tərəfdaş olaraq qəbul edilməsinə əlavə təkan verir. Burada daha bir vacib məqam odur ki, Azərbaycan Prezidenti region ölkələrinin, xüsusilə qonşu dövlətlərin rəhbərləri ilə görüşlərdə sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin qurulmasına çalışır. Bu siyasət nəticəsində Azərbaycan regionda sabitliyin təmin olunmasında əsas aktora çevrilib. Bunu dünyada, o cümlədən də Avropada görür və alqışlayırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Danimarka görüşlərində Azərbaycan Ermənistanla qurulan sülh prosesinə görə də təbrik edilib, bu istiqamətdə fəaliyyət alqışlanıb.

Eyni zamanda Azərbaycanın beynəlxalq tədbirlərdə, indiki halda Avropa Siyasi Birliyinin yeddinci Zirvə toplantısında təmsil olunması ölkəmizə qlobal təsir imkanları qazandırır. Bu tədbirlər çərçivəsində Prezident İlham Əliyevin dünya liderləri ilə keçirdiyi görüşlər Azərbaycanın mövqelərinin müdafiəsi, dünyada qəbul olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

O da birmənalı həqiqətdir ki, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi qələbədən sonra Prezident İlham Əliyevin beynəlxalq görüşləri yeni məna kəsb etməyə başlayıb. Prezident müxtəlif beynəlxalq platformalarda, həmçinin dövlət başçıları ilə danışıqlarda Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırıb, postmüharibə reallıqlarının qəbul olunmasına nail olub. Hazırda isə Azərbaycan liderinin beynəlxalq görüşləri sülh prosesinin irəliləməsinə, regionda davamlı təhlükəsizlik mexanizmlərinin formalaşmasına xidmət edir. Ermənistanla sülh sazişi istiqamətində aparılan danışıqlar da məhz bu görüşlərin məhsulu kimi qiymətləndirilə bilər. Digər tərəfdən, lider diplomatiyasına əsaslanan bu siyasət Azərbaycanın dövlət maraqlarının təmin olunması, iqtisadi inkişafın sürətlənməsi və milli təhlükəsizliyin qorunması baxımından da əvəzsiz rol oynayır.

MTM Analitik Qrupu

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?