İlqar Vəlizadə: "Xarici qüvvələr Ermənistanda etirazları maliyyələşdirir" - AÇIQLAMA

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Kopenhagendəki görüşü həm erməni, həm də azərbaycanlı mənbələrdə eyni ruhda işıqlandırılıb. Bu isə onu göstərir ki, sülh gündəliyi inkişaf edir, tərəflər Vaşinqton razılaşmasının imzalanmasından və ATƏT-in Minsk qrupunun ləğvindən məmnundurlar, həmçinin kommunikasiyaların açılması məsələsini praktiki müstəvidə müzakirə edirlər"
Bu fikirləri təhlil.az saytına “Xəzər Məkan Analizi Mərkəzi”nin rəhbəri, politoloq İlqar Vəlizadə açıqlamasında deyib.
O bildirib ki, lakin kommunikasiyaların açılması prosesi fərqli templərlə gedir:
“Azərbaycanda infrastrukturun 80 faizindən çoxu artıq tikilib, Ermənistanda isə bu proses demək olar ki, hələ başlanmayıb. Paşinyan da bir neçə gün öncə çıxışında ‘tələsməyə ehtiyac yoxdur, biz məsələləri hələ araşdırırıq’ dedi. Amma vaxt keçir. Sabah biz öz tərəfimizdə dəmir yolunu və avtomobil yolunu tamamlasaq, o, Ermənistan sərhədində ilişib qalacaq, çünki orada hələ işə başlanmayıb”.
Politoloq əlavə edib ki, ABŞ da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və İrəvanı bu istiqamətdə sürətləndirməyə çalışır:
“Amerikanın Ermənistana 145 milyon dollar ayırmaq təklifi olub, amma Paşinyan hələ də bu pulların necə xərclənəcəyini və kimin inşaatı aparacağını müzakirə edir. ABŞ tərəfi də təzyiq göstərir ki, ilin sonunadək qərar verilsin”.
Politoloqun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Bakı və İrəvan arasında sülh prosesində pozitiv meyllər müşahidə olunur:
“Sərhəddə atəşkəs pozulmur, tərəflərin ritorikası yumşalıb, daha konstruktiv münasibət var. Ermənistanın hökumətyönlü mediası da Paşinyanın addımlarına müsbət yanaşır. Bu, Vaşinqton razılaşmalarının icra olunduğunu göstərir”.
İ. Vəlizadənin fikrincə, Ermənistanda qarşıdakı parlament seçkiləri fonunda daxili siyasi rəqabət də güclənib:
“Vətəndaş cəmiyyəti və siyasi qüvvələr yenidən qruplaşır. Müxalifət seçiciləri səfərbər etməyə çalışır, Paşinyan da öz tərəfini möhkəmləndirir. Qarşılıqlı tənqidlər artır. Paşinyan son çıxışında ‘Daşnaksütyun’u xaricdən, xüsusilə də Qərbdəki erməni diasporundan çamadanlarla pul gətirməkdə ittiham etdi. Bu da təsadüfi deyil”.
O qeyd edib ki, Paşinyanın siyasəti ilə nə Qərbdəki, nə də Rusiyadakı erməni diasporu razıdır:
“Moskva siyasi dairələri də əvvəlki hakimiyyətin tərəfindədir. Xarici qüvvələr Ermənistanda daxili sabitliyi pozmaq üçün maliyyə dəstəyi göstərir və etirazların təşkilinə çalışır. Seçkilərə yaxın bu təzyiq daha da artacaq. Yəni Ermənistan müxalifəti sülh müqaviləsinə qarşıdır, amma hakimiyyət əksinə olaraq Bakı ilə sülh gündəliyini dəstəkləyir”.
Rasim Babayev