03 oktyabr

Yaponiyanın növbəti baş naziri ölkə tarixində ilk dəfə qadın ola bilər

Yaponiyada baş nazir postu uğrunda mübarizə aparan hakim Liberal Demokrat Partiyasının namizədləri vəzifəyə gəldikdən dərhal sonra növbədənkənar ümumi seçki keçirmək ehtimalını nəzərdən keçirirlər. Bu isə onların ilk növbədə artan yaşayış xərcləri kimi daxili problemlərin həllinə fokuslanmaq niyyətini göstərir.

“Kyodo News”un keçirdiyi sorğunun nəticələrinə görə, partiya daxilində mübarizə əsasən üç namizəd arasında gedir: kənd təsərrüfatı naziri Şinjiro Koizumi, keçmiş iqtisadi təhlükəsizlik naziri Sanae Takaichi və Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi.

44 yaşlı Koizumi – keçmiş baş nazir Juniçiro Koizuminin oğlu – parlamentin aşağı palatasını dərhal buraxmaq fikrində olmadığını bildirib: “İctimaiyyət yüksək qiymətlərin və digər problemlərin həlli üçün təcili tədbirlər gözləyir”.

64 yaşlı Sanae Takaichi isə ölkənin ilk qadın baş naziri olmağı hədəfləyir. O da erkən seçki planlarını rədd edərək mövcud iqtisadi və sosial problemlərə diqqət yetirməyin vacibliyini vurğulayıb. Hayaşi isə insanların ehtiyac duyduğu siyasətləri həyata keçirməyə üstünlük verəcəyini qeyd edib.

Mütəxəssislərin fikrincə, yeni baş nazir vəzifəyə gəldikdən dərhal sonra seçki təyin etməklə, hökumət kabinetinin təsdiq reytinqindəki artımdan faydalana bilər. Bu, həmçinin LDP və onun koalisiya tərəfdaşı Komeito Partiyasına parlamentin aşağı palatasında daha çox yer qazanmaq imkanı verə bilər. Bununla belə, erkən seçkilərin partiya maraqlarına xidmət etdiyi görüntüsü seçicilərin dəstəyini azalda bilər.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?