Hindistan və Çin beş ildən sonra birbaşa uçuşları bərpa edir

Hindistan və Çin beş illik fasilədən sonra bəzi şəhərlər arasında birbaşa aviareysləri bərpa etməyə başlayır.
Təhlil.az xəbər verir ki, bu addım iki ölkə arasında münasibətlərdə gərginliyin azalması fonunda atılıb.
Xatırladaq ki, birbaşa uçuşlar 2020-ci ildə Covid-19 pandemiyası zamanı dayandırılmış və Pekin ilə Yeni Dehli arasında sərhəd gərginliyi səbəbindən uzun müddət bərpa olunmamışdı.
Hindistanın Çindəki səfirliyi WeChat sosial şəbəkəsindəki paylaşımında bildirib ki, kommersiya aviaşirkətlərinin qərarlarına əsasən, uçuşlar oktyabrın sonunadək mərhələli şəkildə bərpa ediləcək. Bu addım Hindistan hökumətinin “iki ölkə arasında münasibətləri tədricən normallaşdırmaq” siyasətinin bir hissəsi kimi qiymətləndirilir.
Artıq Hindistanın ən böyük hava yolu şirkəti IndiGo oktyabrın 26-dan etibarən Kəlkütə–Quançjou marşrutu üzrə uçuşların bərpa ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətindəki səylər çərçivəsində ötən ay yeddi ildən sonra ilk dəfə Çinə səfər edib. Çin və Hindistan arasındakı münasibətlər 2020-ci ildə Himalay sərhədində baş verən toqquşmalardan sonra ciddi şəkildə pisləşmişdi.