Kaliforniyada neft emalı zavodunda güclü yanğın

Cənubi Kaliforniyada yerləşən Chevron neft emalı zavodunda güclü yanğın baş verib.
Təhlil.az xəbər verir ki, hadisə yerli vaxtla saat 21:35-də tüstülənmə barədə məlumat daxil olduqdan sonra qeydə alınıb. El Sequndo şəhərindəki zavoda dərhal yanğınsöndürmə briqadaları cəlb olunub.
Məlumata görə, yanğının söndürülməsinə Cənub Körfəzinin müxtəlif bölgələrindən xüsusi bölmələr də kömək üçün çağırılıb.
El Sequndoda yerləşən Chevron zavodu Qərb sahilindəki ən böyük neft emalı müəssisəsi hesab olunur. O, Cənubi Kaliforniyada təyyarə yanacağının 40 faizindən çoxunu, avtomobil yanacağının isə 20 faizdən çoxunu təmin edir. Zavodun ərazisi iki kvadrat mil təşkil edir.
Müəssisədə 1000 işçi, 1000 podratçı və 24 tam ştatlı yanğınsöndürən çalışır. Yanğının miqyası və səbəbləri barədə əlavə məlumat hələ açıqlanmayıb.