02 oktyabr

Toğrul İsmayıl: “Paşinyan narazılıq etməkdənsə, verdiyi sözlərə əməl etməlidir” - RƏY

Ermənistanın baş naziri Nikol Paşinyan “Zəngəzur dəhlizi” ifadəsinin işlədilməsindən narazılıq etməkdənsə, əvvəlcə ölkə Konstitusiyasından Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını çıxarmalıdır.

Bu fikirləri təhlil.az saytına  Kahramanmaraş Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix və iqtisad elmləri doktoru, professor Toğrul İsmayıl açıqlamasında deyib. 

O bildirib ki, Paşinyanın bu mövzuda etirazı əsassızdır:

“Paşinyan deyir ki, Azərbaycan Prezidenti İlham Əliyev "Zəngəzur dəhlizi" ifadəsini işlətməsin. Halbuki, ortada "Tramp marşrutu" var və bu məsələ ilə bağlı liderlər Trampın iştirakı ilə razılığa gəliblər. Sadəcə, hələlik yekun imzalar atılmayıb. Bu baxımdan Paşinyanın söylədikləri əsassızdır. Azərbaycan tarixi faktlara əsaslanaraq bu dəhlizi belə adlandırmaq hüququna malikdir. Zəngəzur tarixi Azərbaycan torpağıdır. 1921-ci ildə XI Qırmızı Ordu tərəfindən işğaldan sonra bu ərazi Ermənistana verilib. Azərbaycan bu gün həmin torpaqları geri tələb etmir, sadəcə tarixi adı ilə çağırır”.

Professor vurğulayıb ki, Paşinyan sülh sazişini imzalamaq öhdəliyini dəfələrlə götürüb:

“Paşinyan əvvəlcə imzaladığı üçtərəfli bəyanatlara əməl etməli, verdiyi sözləri yerinə yetirməlidir. Bundan əlavə, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var. O, əvvəlcə bu iddiaları aradan qaldırmalıdır. Ondan sonra hansısa narazılıqlar dilə gətirə bilər”.

Rusiyanın Cənubi Qafqaz siyasətinə toxunaan T. İsmayıl qeyd edib ki, Moskva hələ də keçmiş sovet imperiyası yanaşmasından çıxış edir:

“Rusiya düşünür ki, keçmiş SSRİ məkanını nəzarətdə saxlamalıdır. Amma bu, reallığa uyğun deyil. Rusiya da Azərbaycan, Ermənistan və Gürcüstan kimi BMT üzvü olan dövlətlərdən biridir. Təəssüf ki, Moskva qonşularına, o cümlədən Qazaxıstana yuxarıdan aşağı münasibət göstərir. Bu yanaşma ilə Rusiya heç vaxt qonşuları ilə normal münasibətlər qura bilməyəcək”.

Ekspert əlavə edib ki, Moskva əgər regionda maraqlarını davam etdirmək istəyirsə, Azərbaycanın müstəqil dövlət olduğunu, onunla münasibətlərin Ermənistanla olan münasibətlərdən fərqli yanaşma tələb etdiyini anlamalıdır. 

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?