Qətər Vaşinqton üçün enerji və hərbi açara çevrilir - MƏQALƏ

ABŞ Prezidenti Donald Trampın Qətərə qarşı xarici hücumların ABŞ-nin təhlükəsizliyinə təhdid kimi qiymətləndiriləcəyini nəzərdə tutan fərman imzalaması Vaşinqtonun Yaxın Şərq siyasətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu addım həm regiondakı güc balansına, həm də ABŞ-nin enerji, hərbi və siyasi maraqlarına ciddi təsir göstərəcək.
Yeni fərman ABŞ-nin Qətərə qarşı hər hansı xarici hücumu yalnız regional məsələ kimi deyil, öz milli təhlükəsizliyinə yönəlmiş təhdid kimi şərh etməsi deməkdir. Bu isə faktiki olaraq Vaşinqtonun Qətərə “təhlükəsizlik zəmanəti” verməsi anlamına gəlir. Beləliklə, Qətər ABŞ üçün NATO müttəfiqlərinə bənzər statusa yaxınlaşdırılır. Yəni Amerika Qətərə münasibətdə hərbi müdafiə öhdəliyi ilə bağlı strateji siqnal verir.
Qətər ABŞ üçün sıradan bir ərəb dövləti deyil. Bunun bir neçə səbəbi var. Birincisi, Qətərdə yerləşən Əl-Udeyd bazası ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi obyektidir. İraq, Əfqanıstan və Suriya əməliyyatlarının koordinasiyası məhz buradan həyata keçirilir. İkincisi, Qətər dünyanın ən böyük LNG (maye qaz) ixracatçılarından biridir və qlobal enerji bazarında mühüm rol oynayır. Avropanın Rusiyadan asılılığının azaldılmasında da Qətər əsas oyunçu kimi qəbul olunur. Daha bir mühüm məqam siyasi balansın yaradılmasıdır. Belə ki, Qətər regionda həm Qərblə, həm də müsəlman dünyasının müxtəlif siyasi qrupları ilə dialoq qura bilən nadir dövlətlərdəndir.
Bu baxımdan Donald Trampın fərmanı Yaxın Şərqdə yeni güc balansı yaradacağına işarədir. Heç şübhəsiz ki, əvvəllər Qətərlə münasibətləri gərginləşdirən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Vaşinqtonun açıq himayəsindən sonra daha ehtiyatlı davranmaq məcburiyyətində qalacaqlar. Qətər İranla da yaxın iqtisadi münasibətlər saxlayır. Xüsusən də “Şimal” qaz yatağının ortaq işlənməsi məsələsində hər iki ölkənin əməkdaşlığı mövcuddur. Trampın fərmanı dolayısı ilə İranın da hərəkət sərbəstliyini məhdudlaşdıracaq.
Trampın fərmanı ABŞ-nin qlobal siyasətində də yeni konfiqurasiyanı göstərir. Vaşinqton artıq yalnız NATO və ənənəvi müttəfiqləri deyil, strateji baxımdan önəmli hesab etdiyi kiçik, amma enerji və hərbi baxımdan kritik ölkələri də təhlükəsizlik dairəsinə daxil edir. Bu, xüsusilə Çin və Rusiyanın Yaxın Şərqdəki təsirinə qarşı önləyici addım kimi görünür.
Lakin bu məsələdə ABŞ üçün bəzi risklər də var. Belə ki, Qətərə qarşı hər hansı hərbi insident Vaşinqtonu birbaşa münaqişəyə cəlb edə bilər. Bu isə ABŞ ordusunun əlavə öhdəliklər altına düşməsi deməkdir. Amerikanın açıq dəstəyi Dohaya həm siyasi manevr, həm də iqtisadi investisiyalar baxımından əlavə üstünlüklər qazandıracaq. Digər tərəfdən bu addım regiondakı münaqişə risklərini həm azalda, həm də artıra bilər. Bir tərəfdən ABŞ-nin mövqeyi sabitləşdirici faktor kimi çıxış edəcək, digər tərəfdən isə rəqib gücləri daha aqressiv siyasət yürütməyə sövq edəcək.
Bir sözlə, Donald Trampın Qətərlə bağlı fərmanı ABŞ-nin Yaxın Şərqdə təhlükəsizlik arxitekturasını yenidən qurmaq niyyətindən xəbər verir. Bu addım Vaşinqtonun Qətəri yalnız enerji və hərbi tərəfdaş kimi deyil, həm də regional sabitliyin açar ölkəsi kimi gördüyünü təsdiqləyir.
MTM Analitik Qrupu