02 oktyabr

Paşinyana seçkilərdə mane olacaq daxili problemlər - ŞƏRH

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkilərinə ciddi hazırlıqlar gedir. Həm iqtidar, həm də müxalifət bu seçkilərin həlledici olduğunu dərk etdiyi üçün məsələyə çox ciddi yanaşır, qarşı tərəfin zəif nöqtələrini ifşa edərək, hücuma keçir. Bununla belə, 8 avqust Vaşinqton Bəyannaməsindən sonra vəziyyəti öz hesabına dəyişən Nikol Paşinyan komandasının qələbə şansı çox olsa da, həll ediləsi problemlər var. Müxalifət də bu problemləri zaman-zaman qabardaraq, hakim partiyanı şantaj etməklə məşğuldur. Bu problemlərin arasında elələri var ki, onların seçkiyə qədər həlli istiqamətində ciddi addımların atılması “Vətəndaş müqaviləsi” üçün daha faydalı olar. Əks halda narazı kütlə getdikcə böyüyə bilər.

Bu problemlərdən biri yoxsulluqdur. İqtisadi problemlər, işsizlik, iqtisadiyyatın getdikcə zəifləməsi Ermənistanda yoxsulluğu kifayət qədər artırıb. Maliyyə naziri Vahe Ovvanisyan bildirib ki, 2026-cı ildən Ermənistanda təminatsız ailələri qiymətləndirmək üçün yeni sistem istifadəyə veriləcək. Bu açıqlama isə müxalif kəsimin ciddi tənqidinə səbəb olub. Müxalifətçi deputatlar qeyd edirlər ki, hökumət yoxsulluğu azaltmaq əvəzinə fərqli adlarla eyni sistemi ortaya atır. Bu səbəbdən də Paşinyan hökuməti qısa müddətə yoxsulluqla bağlı real proqram hazırlamalıdır.

İkinci məsələ ekologiya ilə bağlıdır. Həm Göyçə gölü, həm də İrəvanın havası ilə bağlı uzun müddətdir ciddi tənqidi fikirlər səsləndirilir. Göyçə gölündə vəziyyətin kritik həddə çatdığı deyilir. Hakim partiya hər nə qədər suyun səviyyəsinin normal olduğunu desə də, reallıqda Göyçədə suyun səviyyəsi getdikcə aşağı düşür. Bu isə ciddi ekoloji problemlərə yol aça bilər. Eyni zamanda gölün ətrafında varlı məmurlara məxsus villaların sayının artması, qanunsuz balıq ovu da Göyçə ilə bağlı həll edilməsi vacib olan problemlər sırasındadır.

Başqa bir problem isə sənaye sahələrinin azalması ilə bağlıdır. Hökumət statistik rəqəmlər təqdim edərək, son illərdə istehsal sahəsində ciddi addımlar atıldığını desə də, reallıqda mənzərə başqadır. İş orasındadır ki, Rusiya ilə problemlər, daxili və xarici borcların atması, qiymətlərin günü-gündən bahalaşması sənaye və istehsal sahələrinə ciddi təsir edir. Bu da işsizliyin artması ilə nəticələnir. Dolayısı ilə bu vəziyyət yoxsulluğun artmasına da səbəb olur. Bu səbəbdən bir-biri ilə əlaqəli bu problemlərin həlli hakim komanda üçün vacib sayılır.

Bir neçə ildir barəsində mütəxəssislərin həyəcan təbili çaldığı kənd təsərrüfatı sahəsi də tənəzzülünü yaşayır. Torpaqların işlənməməsi, Yuxarı Lars keçid məntəqəsinin Rusiyanın əlində təzyiq alətinə çevrilməsi, subsidiyaların ödənilməməsi və digər problemlər aqrar sektoru çökdürüb. Hər dəfə meyvə dolu yük maşınının Lars məntəqəsində həftələrlə gözlədilməsi fermerlərə ciddi ziyan vurur. Hökumət isə dəyən ziyanı qarşılamır. Bu da artıq ciddi narazılığa və fermerlərin əkin-biçindən uzaqlaşmasına səbəb olur. Paralel olaraq, taxıl əkimi hər il zəiflədiyi üçün Ermənistanın ərzaq təhlükəsizliyi də ciddi təhdidlərlə üz-üzədir. Hökumət bu problemləri həll etmək üçün xüsusi proqram hazırlamalı, bundan seçki platformasında da istifadə etməlidir.

Digər məsələlərdən biri də az qala hər gün artan dövlət borcudur. Artıq ekspertlər rəqəmlərin kritik həddə çatdığını desə də, Paşinyan hökuməti borclanmaqda davam edir. Bu isə daxili sosial problemlərin çoxluğu, büdcə kəsiri və iqtisadiyyatın tənəzzülü ilə bağlıdır.

Görünən odur ki, Paşinyan komandası seçkilərə qədər bu problemlərin həlli ilə bağlı ciddi layihələr hazırlamalı, xalqa təqdim etməlidir. Əks halda narazı kütlə seçkidə həlledici rola malik ola bilər.

Hikmət Həsənov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?