Gürcü politoloq: "Azərbaycan artıq regional güc dövlətidir” - RƏY

Azərbaycan artıq regional dövlətə çevrilir
Bu fikirləri təhlil.az saytına Gürcüstan Strateji Təhlil Mərkəzinin geosiyasi araşdırmalar rəhbəri, siyasi elmlər doktoru Vaxtanq Maisaya açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan son illərdə regional gücə çevrilmək yolunda ciddi addımlar atıb:
“Azərbaycan 2020-ci ildə öz torpaqlarını azad etməklə aqressiv separatizmlə mübarizədə nümunə göstərdi və eyni zamanda, necə regional dövlət qurmaq lazım olduğunu ortaya qoydu. Bu gün Azərbaycan təkcə lider ölkə deyil, faktiki olaraq regional dövlətçilik qazanıb və Cənubi Qafqazla yanaşı, Qara dəniz hövzəsinə, Xəzər regionuna, hətta Türk Dövlətləri Təşkilatı xətti ilə Mərkəzi Asiyaya da təsir imkanına malikdir”.
Ekspertin sözlərinə görə, Azərbaycan qlobal miqyasda geoiqtisadi mərkəzə çevrilir:
“Bakıya faktiki olaraq bütün nəqliyyat-kommunikasiya xətləri, şimal-cənub, şərq-qərb yolları toplaşır. Azərbaycan artıq potensiala malik olmaqla kifayətlənmir, həm də Rusiyanın öz vaxtında təşviq etdiyi "Şimal–Cənub" layihəsini reallaşdırır. Bu layihə Moskvanın qlobal təsirini artırmaq üçün nəzərdə tutulsa da, indi Azərbaycan həmin istiqamətdə əsas oyunçudur”.
Politoloq qeyd edib ki, Bakı həmçinin “Orta Dəhliz”in inkişafında mühüm rol oynayır:
“Orta Dəhliz əsasında Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstanın daxil olduğu yeni geoiqtisadi ittifaq formalaşıb. Bu da regionun təhlükəsizlik koordinatlarını dəyişir – həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada”.
Rasim Babayev