ABŞ Maduroya qarşı hərbi variantı müzakirə edir

Donald Trampın müşavirləri Venesuela diktatoru Nikolas Maduronun güc yolu ilə devrilməsi ssenarisini təqdim ediblər.
Təhlil.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrinin yazısında bildirilib. İdeyanın təşəbbüskarı Dövlət katibi Marko Rubio olub, onu Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Ədliyyə Nazirliyi dəstəkləyir.
Vaşinqton Maduronu qeyri-legitim sayır, onu narkoticarətdə və “terrorçu qruplaşmaya rəhbərlik etməkdə” ittiham edir.
Onun həbsi ilə bağlı məlumat verənlərə mükafat 50 milyon dollara qaldırılıb. Həmçinin Pentaqon regionda ABŞ qoşunlarına 6500 nəfər əlavə edib. Karib dənizində hərbi flotiliya toplanıb. Venesuela narkobiznesi ilə əlaqəli gəmilərə zərbələr endirilib.
BMT Baş Assambleyasında çıxış edən Tramp deyib: “Biz Maduro başda olmaqla venesuelalı terrorçuları və narkotacirləri məhv etməyə başlamışıq”.
Maduro isə ölkədə fövqəladə vəziyyət elan edib, ordunu tam döyüş hazırlığına gətirib və ABŞ-dan gələn "artmaqda olan hərbi təhdidlər"dən danışıb.