Vaşinqton Kremllə əlaqə yaratmaq üçün Minsklə dialoq qurur

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, rəsmi Vaşinqton Belarusla təkcə siyasi məhbusların azad edilməsini təmin etmək üçün deyil, həm də Kremllə əlaqə kanalı yaratmaq üçün dialoq qurub. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Vaşinqton və Minsk arasında sentyabrın əvvəlində əldə edilmiş və 52 məhbusun azad edilməsi ilə nəticələnən razılaşma daha geniş diplomatik kontekstdə idi.
"Bu, məhbusların özləri üçün deyil, Lukaşenkonun Putinlə müntəzəm əlaqə saxladığını bildiyimiz üçün vacib idi. Onun nə dediyindən əmin deyilik, lakin onunla ünsiyyət qurduğunu bilirik", – deyə Kelloq bildirib.
Kelloq həmçinin vurğulayıb ki, ABŞ Ukraynadakı münaqişənin həllinə kömək edə biləcək istənilən diplomatik kanallardan istifadə etməyə sadiqdir.