Diaspor gəncləri Xankəndidə bir araya gələcək

Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu, gənclər arasında ölkəsevərlik ruhunu artırmaq məqsədilə “Diaspor Gənclərinin VI Yay Düşərgəsi”ni təşkil edir. Təhlil.az xəbər verir ki, bu ilki düşərgə “Konstitusiya və Suverenlik ili” şüarı altında keçiriləcək və 2025-ci il 3–9 avqust tarixlərində Xankəndi şəhərində baş tutacaq.
Tədbirdə dünyanın müxtəlif guşələrindən 100-dən çox azərbaycanlı gənc və Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri iştirak edəcək. Düşərgə iştirakçılarına Qarabağın tarixi və mədəni abidələri ilə tanış olmaq, şəhid ailələri və qazilərlə görüşlər keçirmək imkanı veriləcək. Bundan əlavə, gənclər əyləncə və intellektual oyunlar vasitəsilə birlikdə vaxt keçirəcəklər.
18-29 yaş arasındakı, Azərbaycan dilində ünsiyyət qurma bacarığı olan gənclər üçün qeydiyyat açıqdır. İştirakçılar düşərgədə tam ödənişsiz şəkildə iştirak edə biləcəklər.
Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.