Yer 30 saatdır maqnit dalğalarının təsiri altındadır

Yer kürəsində artıq 30 saata yaxındır maqnit qasırğası davam edir.
Təhlil.az xəbər verir ki, qasırğanın gücü G1 və G2 səviyyələri arasında dəyişir.
Məlumata görə, hadisə sentyabrın son günündə, Bakı vaxtı ilə səhər saat 4 radələrində başlayıb və hələ də davam edir. Bu müddət ərzində Günəş küləyinin sürəti 400 km/s-dən 700 km/s-ə yüksəlib, plazmanın temperaturu isə üç dəfə artaraq 100 min dərəcədən 300 min dərəcəyə çatıb.
Mütəxəssislər bildirirlər ki, sahənin böyüklüyü azalsa da, qasırğa hələ də orta G1–G2 səviyyəsində qalır. Son 24 saatda isə planetlərarası mühitin parametrləri əsasən pisə doğru dəyişib.
Qeyd olunub ki, növbəti 24 saat üçün proqnoz əlverişli deyil. Yaxın vaxtlarda qasırğanın zəifləyərək “sarı” səviyyəyə enməsi mümkün olsa da, həm Günəşdə, həm də Yerətrafı mühitdə vəziyyət normallaşmaqdan uzaqdır.
Üstəlik, son məlumatlara əsasən, ulduzda yüksək X sinfinə aid güclü partlayışların yaranma ehtimalı 50% olaraq qiymətləndirilir. Bu isə yaxın günlərdə yeni maqnit dalğalarının müşahidə oluna biləcəyindən xəbər verir.