Ukrayna dronları Rusiyanın neft sənayesini iflic etdi: emal gücünün 40%-i dayanıb

Rusiya neft emalı sənayesi son aylarda ciddi böhranla üzləşib.
Təhlil.az xəbər verir ki, Ukrayna dronlarının intensiv hücumları nəticəsində ölkədə neft emalı gücünün təxminən 40%-i fəaliyyətini dayandırıb. Bu, Rusiya tarixində ilk belə genişmiqyaslı kollaps kimi qiymətləndirilir.
Mövcud vəziyyətlə əlaqədar Moskva bir sıra təcili tədbirlər həyata keçirməyə başlayıb:
Çin, Cənubi Koreya və Sinqapurdan benzin idxalı planlaşdırılır;
Gömrük rüsumlarının ləğvi və bəzi hallarda idxalçılara əlavə ödənişlər tətbiqi nəzərdə tutulur;
Belarusdan yanacaq təchizatının artırılması və 2016-cı ildə sağlamlıq risklərinə görə dayandırılmış MMA əlavəsinin bərpası gündəmdədir.
Son iki ayda Ukrayna PUA-larının hücumları nəticəsində 20-dən çox iri zavod sıradan çıxıb. Həftəsonu isə Yaroslavl neft emalı zavodu və Rostov vilayətindəki “Suxodolnaya” nasos stansiyası da hədəfə alınıb və bu obyektlərə ən azı 10 dron düşüb.