01 oktyabr

Ermənistanda seçkilərin taleyini pensiyaçılar təyin edəcək - ŞƏRH

Ermənistan hökuməti 2026-cı il büdcəsində sosial təminatlar üçün 9,6 faizlik artım nəzərdə tutub. Hakim partiya deputatları isə seçki öncəsi bu xəbəri tirajlayaraq, hökumətin pensiya təminatına göstərdiyi diqqət və qayğı kimi şərh edir. Amma problem ondadır ki, Ermənistanda inflyasiya problemi pensiya artımlarına mənfi təsir edir. Ərzaq səbətinin, dükan və mağazalarda ərzaq məhsullarının qiymətində tez-tez müşahidə edilən bahalaşma əhalinin böyük bir hissəsini çətin vəziyyətə salır. Bununla belə, hökümət anlayır ki, 2026-cı ildə vətəndaşların pensiya təminatına diqqət yetirilməsi növbəti ilin 7 iyun tarixində keçiriləcək seçkilərdə yarım milyonluq pensiyaçılar ordusunun əhval-ruhiyyəsinə birbaşa təsir edəcək. Ölüm-dirim savaşına çevriləcək parlament seçkilərində 500 min nəfərin səsi həlledici olacaq. Bu səbəbdən artıq hakim partiya pensiyalarla bağlı məsələlərə start verib.

Amma nəzərə almaq lazımdır ki, ciddi kəsirləri və borcu olan büdcə üçün cüzi miqdarda belə pensiya artımı böyük problemlərə və borclanmalara səbəb ola bilər. Üstəlik, səlahiyyətli orqanlar əvvəlki illərdə xərclərinin bu hissəsini prioritet hesab etmirdilər. Lakin bu dəfə hər şey fərqlidir və təqaüdçülərin maraqlarına məhəl qoyulmaqda davam edərsə, bu məsələ Paşinyana hakimiyyəti bahasına başa gələ bilər. Söyləmək lazımdır ki, statistik rəqəmlər fərqli mənzərəni ortaya çıxarır. Məsələn, hökumətin 5 illik proqramında minimal pensiyanı ərzaq səbətinə yaxınlaşdırmaq planı iflasa uğrayıb. Çünki bu gün əgər Ermənistanda minimum pensiya 36 min dramdırsa, ərzaq səbəti 44 min 152 dramdır. Əgər orta pensiya 49 min dramdırsa, minimal istehlak səbəti 81 min 681 dram təşkil edir. Bununla belə, gedişata baxanda görünür ki, hökumət bu kəsimin qəzəbini üzərinə çəkməmək üçün nəsə etməyə çalışır. Amma bunun üçün kifayət qədər resurs və maliyyə mənbəsi yoxdur.

Ötən illərdə qəbul edilən və pensiyaçılar üçün cüzi də olsa əlavə gəlir yeri sayılan keşbek proqramı bu ilin sonunda başa çatır. Layihəyə görə, nağdsız ödəniş edənlərin kartına məbləğin 12 faizi qaytarılır (6 min drama qədər). Artıq maliyyə naziri proqramın gələn il də davam edəcəyini açıqlayıb.

Maraqlıdır ki, son 8 ay ərzində keşbek layihəsindən istifadə edənlərin sayı 286 min 341 nəfərdən 339 min 336 nəfərə çatıb. Bir benefisiar üçün isə minimal keşbek məbləği 3853 dramla 4357 dram arasında dəyişir. Keşbeklərin ödənilməsi üçün 2025-ci il dövlət büdcəsindən 13 milyard 152 milyon dram ayrılıb. Bu isə o deməkdir ki, ilin sonunda artıq bu pul da bitəcək və keşbek ödənilməyəcək. Artıq əmək və sosial müdafiə naziri Arsen Torosyan hökumətə müraciət edib ki, ödənişləri icra etmək üçün 4 milyard drama yaxın əlavə vəsaitə ehtiyac var.

Yuxarıda da qeyd edildiyi kimi, növbəti il sosial təminat üçün ayrılan vəsait 9,6 faiz artacaq. Lakin bu, pensiyaların artırılması ilə deyil, dövlət ayırmaları, yığılan pensiya fondları və digər sosial ödənişlər hesabına həyata keçiriləcək. Eyni zamanda dövlət proqramında iqtisadi artımla bağlı proqnozlar da şübhəli görünür. Son illəri nəzərə alsaq, Ermənistan iqtisadiyyatında belə bir artımın reallaşacağını gözləmək absurddur. Hökumət isə tələsir. Hər ötən gün seçkilər yaxınlaşır. Bu səbəbdən də sosial problemləri cüzi də olsa, həll edib qələbə qazanmaq hakim partiyanın əsas hədəfidir. Amma Ermənistanda bu gün çətin şəraitdə yaşayan pensiyaçılar ordusu var və onların problemi həll edilməsə, Paşinyan hökumətini çətin günlər gözləyir.

Hikmət Həsənov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?