30 sentyabr

“Çin sərmayələri Qarabağda yaradılacaq yaşıl enerji zonasında mühüm rol oynayacaq” - RƏY

Azərbaycan həm Çin, həm Avropa İttifaqı ölkələri, həm də ABŞ üçün mühüm tərəfdaşa çevrilib.

Bu fikirləri təhlil.az saytına  Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə açıqlamasında deyib. 

O bildirib ki, Bakı son illər Çinin qabaqcıl texnologiyaları və geniş investisiya imkanları fonunda Pekinlə çoxşaxəli əməkdaşlıq qurub:

“Bu yalnız nəqliyyat və kommunikasiya sahəsi ilə məhdudlaşmır. Buraya yaşıl enerji üzrə elmi tədqiqatlarda əməkdaşlıq, Azərbaycanın müxtəlif iqtisadi sahələrinə, xüsusilə də Qarabağda yaradılacaq “yaşıl enerji zonası”na yönələn Çin sərmayələri daxildir”.

 Azərbaycan və Çin arasında əlaqələrin getdikcə genişləndiyini söyləyən deputat vurğulayıb ki,  Azərbaycanda Çin dili və mədəniyyəti üzrə mərkəz fəaliyyət göstərir.

"Hazırda Çində də Azərbaycan dili və mədəniyyəti mərkəzi yaradılır. Bu, uzunmüddətli birgə layihələrin başlanğıcından xəbər verir və gələcək əməkdaşlığa kadr hazırlığını təmin edir.  Azərbaycanın xarici siyasətində qarşılıqlı faydalı əməkdaşlıq əsas istiqamətdir. Azərbaycan dünyaya açıq ölkədir. Xarici siyasətimizin mərkəzində tərəfdaşlıq dayanır. Bizim marağımız sabitlik, sülh və əməkdaşlığın genişlənməsidir. Cənubi Qafqazı əməkdaşlıq regionuna çevirmək, nəqliyyatla yanaşı, enerji daşıyıcılarını da əhatə edən strateji kommunikasiya sistemini qurmaq məqsədimizdir” - deyə A. Mollazadə qeyd edib.  

O əlavə edib ki, Azərbaycanın təşəbbüsü ilə yaradılan Orta Dəhliz bu gün həm Mərkəzi Asiya ölkələrinin, həm də Çinin seçdiyi əsas tranzit marşruta çevrilməkdədir.

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?