BMT: Bir neçə həftə ərzində Qəzzanın bütün əhalisi aclıqdan əziyyət çəkə bilər

Qəzza zolağına ərzaq tədarükü kəskin şəkildə artırılmasa, bölgənin bütün əhalisi cəmi bir neçə həftə ərzində aclığa qərq ola bilər.
Təhlil.az xəbər verir ki, bunu Kanadanın CBC telekanalının efirində BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktorunun müavini Karl Skau deyib.
BMT-nin daha əvvəl təsdiq etdiyi kimi, Qəzza zolağı əhalisinin yalnız bir hissəsi aclıqdan əziyyət çəkirdi, lakin bu vəziyyət bir neçə həftə davam edərsə, anklavın bütün əhalisi bu problemi yaşayacaq”, - deyə Karl iddia edib.
Skaunun sözlərinə görə, hazırda Qəzza zolağına gündə cəmi 100-ə yaxın yük maşını qida ilə daxil olur: “Bu, dəryada bir damladır, çünki söhbət 2,2 milyon insandan gedir. Fevral və mart aylarında atəşkəs dövründə, gündə orta hesabla 600-700 yük maşını ərzaq çatdırdığımız kimi, bu qıtlığı aradan qaldırmaq üçün yardım çatdırılmasını əhəmiyyətli dərəcədə genişləndirməliyik”.
Sentyabrın ortalarında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirdi ki, əsasən Qəzza zolağı və Sudanda, ardınca Cənubi Sudan, Yəmən, Haiti və Malidə təxminən 1,4 milyon insan qida təhlükəsizliyinin fəlakətli səviyyələri ilə üzləşib. Yenilənmiş Qida Böhranları üzrə Qlobal Hesabatda təşkilat, xüsusən də Qəzza zolağında aclığın vəziyyətini təsdiqləyib.