Çirkab içində batan Zabrat qəsəbəsi - FOTOLAR

Bakıda baş verən leysan yağışları şəhərin mərkəzində böyük fəsadlar törədib, küçələri gölə çevirib, nəqliyyatın hərəkətini iflic edib. Ancaq əgər şəhər mərkəzi üçün bu mənzərə gözlənilməz idisə, paytaxtın kənar qəsəbələrində, xüsusən Zabratda bu artıq illərdir dəyişməyən bir həyat tərzinə çevrilib.
Təhlil.az xəbər verir ki, Zabrat sakinləri bildirib ki, asfalt yolları bataqlığa çevrilib, küçələrdən üfunət və durğun çirkab qoxusu gəlir. Zabrat gölü adlanan ərazi bir zamanlar ailələrin istirahət etdiyi gözəl bir məkanken, indi mazutlu, zibil yığınlı bataqlığa çevrilib.
Onların sözlərinə görə, kanalizasiya sularının gölə axıdılması, nəzarətsiz tullantıların toplanması nəticəsində ərazi tamamilə məhv olub. Hətta uşaqlar belə təhlükəli şəraitdə, ayaqyalın çirkab suların içində oynamağa məcbur qalır.
Qəsəbənin tarixi simvolları da unudulub. Vaxtilə Müslim Maqomayev və Şövkət Ələkbərova kimi sənətkarların çıxış etdiyi Mədəniyyət Evi indi xarabalığa çevrilib. Qəzalı vəziyyətdə olan bina istifadəsiz qalıb, bir hissəsi qeyri-qanuni şəkildə anbarlara və sexlərə çevrilib.
Zabratda vaxtilə fəaliyyət göstərən futbol stadionu da artıq viranə vəziyyətdədir. Bir vaxtlar burada məşqlər və oyunlar keçirilən məkanda indi bataqlıq və vəhşi bitkilər hökm sürür. Sakinlər bildirirlər ki, stadion məqsədli şəkildə məhv edilib və gələcəkdə torpaq satışı üçün hazırlıq aparılır.
Sakinlərin problemlərini müvafiq dövlət qurumlarına dəfələrlə bildirməsinə baxmayaraq, nəticə yoxdur. Zabrat icra nümayəndəliyi və digər cavabdeh orqanlar məsuliyyəti bir-birinin üzərinə atır, vədlər verir, amma real addımlar atmırlar. Bəzi qurumlar isə su-kanalizasiya sisteminin tam çəkilmədiyini, maliyyə vəsaiti olmadığını bəhanə edirlər.
Hazırda Zabratda yollar da yararsızdır, küçələrdə yağış suları ilə qarışmış kanalizasiya tullantıları dayanır, dəmir yolu stansiyasının ətrafı zibilliyə çevrilib. İnsanlar hər gün bu şəraitdə yaşamaq və işləmək məcburiyyətindədirlər.
Sakinlərin ümumi fikri belədir: Zabrat təkcə çirkab içində batmır, həm də rəsmi qurumların laqeydliyində boğulur. Hər bir yağış bu acınacaqlı vəziyyəti bir az da dərinləşdirir, ümidləri isə daha da soldurur. (haqqın.az)