26 sentyabr

Qırğız politoloq: “İlham Əliyev türk dünyasında birləşdirici liderdir” - RƏY

Azərbaycan Türk Dövlətləri Təşkilatının mühüm üzvüdür və  Azərbaycan Prezidenti İlham Əliyev türk ölkələri arasında uğurlu əməkdaşlıq üçün çox işlər görür.

Bu barədə təhlil.az saytına qırğızıstanlı politoloq Aybolot Aydosov açıqlamasında deyib. 

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı təhlükəsizlik, iqtisadiyyat və siyasət sahələrində məsələlərin səmərəli həll olunduğu regional platformadır:

“Bu, elə bir məkandır ki, türk dövlətləri burada sülh təşəbbüslərinin həyata keçirilməsinə, iqtisadi və humanitar əməkdaşlığa xüsusi diqqət yetirirlər, qlobal problemlərin həllində ortaq mövqeyə gəlirlər. Müasir beynəlxalq sistemdə mövcud böhran və münaqişələrə baxmayaraq, dövlət başçıları qarşılıqlı əməkdaşlığı daha da dərinləşdirirlər. Hər yeni görüş, hər yeni sammit bu əməkdaşlığın yeni məqamlarını üzə çıxarır”.

Politoloq bildirib ki, yaxın müddətdə  Qırğızıstanda keçirilən hökumət başçıları səviyyəsində sammit türk dövlətləri arasında həmrəyliyi və qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdi:

“Bu gün Cənubi Qafqaz və Mərkəzi Asiya dünyanın digər bölgələri üçün sabitlik nümunəsi göstərir. Bu səbəbdən bölgəyə böyük investisiyalar yatırılır. Biz görürük ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatları sürətlə inkişaf edir. Nəticədə, iri logistika layihələrinin həyata keçirilməsi üçün böyük sərmayələr cəlb olunur”.

Ekspert qeyd edib ki, Bişkek Çini Qırğızıstan və Özbəkistan üzərindən Avropaya, o cümlədən Azərbaycan vasitəsilə birləşdirəcək dəmir yolunun tikintisinə başlayıb:

“Bütün bunlar göstərir ki, biz düzgün yoldayıq. Təbii ki, bizim üçün Azərbaycan və Türkiyə kimi etibarlı tərəfdaşların mövcudluğu çox önəmlidir. Digər türkdilli dövlətlərin dəstəyi də vacibdir. Qırğızıstan isə bu münasibətlərin yeni mərhələyə çıxması üçün bütün səyləri göstərir”.

 Bişkekdə müzakirə edilən məsələlərin oktyabrda Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitinə çıxarılacağını vurğulayan A. Aydasovun sözlərinə görə, Bişkekdə müzakirə olunanlar, əslində, Qəbələdə strateji sənədlərin imzalanmasına hazırlıq idi.

"Məqsəd Asiyadan Avropaya türk dövlətləri üzərindən yükdaşımaların artırılmasıdır. Bu həm dövlət büdcələrinə gəlir gətirəcək, həm də əməkdaşlığı möhkəmləndirəcək. Ən əsası isə iqtisadi əlaqələr və qarşılıqlı etimaddır. Etimad olduqda isə komanda işi də möhkəmlənir”, - deyə, politoloq bildirib. 

Qırğızıstanlı ekspert əlavə edib ki, artıq türkdilli dövlətlərin liderləri böyük və birləşmiş komanda kimi fəaliyyət göstərirlər:

“Bu gün hər bir ölkə deyə bilər ki, biz tək deyilik. Türk Dövlətləri Təşkilatı böyük dövlətlərin klubu kimi çıxış edir. İlham Əliyev isə yalnız Azərbaycanın deyil, təşkilatın əsas liderlərindən biri kimi çıxış edərək, türk dövlətləri arasında nəqliyyat-logistika əlaqələrində birləşdirici rol oynayır. Məhz bu səbəbdən böyük dövlətlərin liderləri onunla görüşə can atır, təşkilatın potensialını, Azərbaycanın liderinin sözlərinin arxasında dayanan gələcək perspektivləri görürlər”. 

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?