Talqat Kaliyev: "Prezident İlham Əliyevin siyasəti regionu sabitliyə və inkişafa aparır" - RƏY

Azərbaycan və Qazaxıstan qlobal münasibətlər sisteminin sabitləşməsində mühüm rol oynaya bilərlər.
Bu fikirləri təhlil.az saytına qazaxıstanlı politoloq, Tətbiqi Etnopolitik Tədqiqatlar İnstitutunun direktoru Talqat Kaliyev açıqlamasında deyib.
O bildirib ki, BMT-nin fəaliyyətinin canlandırılması üçün ciddi islahatlara ehtiyac var: “Bu mənada Azərbaycan və Qazaxıstan bu gün dünya turbolentliyi şəraitində qlobal sistemin sabitləşdirilməsində ən çox maraqlı və sağlam düşüncəli ölkələr kimi çıxış edirlər. Hesab edirəm ki, istənilən halda dövlətlərimizin rolu artacaq”.
Onun sözlərinə görə, Azərbaycanın və Qazaxıstanın Orta Dəhlizin işləməsində aparıcı mövqeyini vurğulayıb: “Bakı və Astana Orta Dəhlizin fəaliyyətində mühüm rol oynayır. Polşa və Belarus arasında sərhədlərin bağlanması, münasibətlərin gərginləşməsi fonunda bu marşrutun aktuallığı daha da artıb. Bir daha əmin olduq ki, Orta Dəhliz ən tələb olunan, sabit və dayanıqlı marşrutdur”.
Ekspert oktyabrda Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitinin uğurlu nəticələnəcəyinə əminliyini ifadə edib:
“Təşkilatın formatı etimad atmosferi ilə fərqlənir. Liderlər arasında münasibətlərdə səmimiyyət və isti mühit hökm sürür. Bu isə bütün məsələlərin operativ şəkildə həllinə imkan verir. Düşünürəm ki, Qəbələdəki sammit uğurlu olacaq. Çünki Azərbaycan Türk dünyası prosesində fəal iştirak edir və Prezident İlham Əliyev bu layihəyə xüsusi diqqət yetirir”.
T.Qaliyev qeyd edib ki, təşkilatın gündəliyi getdikcə genişlənir: "Əvvəl mədəni sahəyə üstünlük verilsə də, sonradan humanitar mövzular, elmi mərkəzlərarası əməkdaşlıq, bu gün isə iqtisadi və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunur.
Azərbaycan nümayəndəsinin Ermənistanda, erməni nümayəndəsinin isə Azərbaycanda keçirilən tədbirlərdə iştirakını müsbət hal kimi dəyərləndirən ekspert vurğulayıb ki, xüsusilə müdafiə və təhlükəsizlik qurumlarının nümayəndələrinin bir masa arxasında əyləşməsi böyük irəliləyişdir.
"Vaxtilə bir-birini silah nişanından izləyən tərəflər bu gün dialoq aparır. Bütün bu nəticələr ilk növbədə Prezident İlham Əliyevin qətiyyətli və ardıcıl siyasətinin nəticəsidir. O, heç vaxt təxribatlara uymadı və prinsipial mövqeyini qorudu. Nəticədə Azərbaycan bu gün layiq olduğu uğurları əldə edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib, milli ləyaqətini dirçəldib. Ermənistanın baş naziri Nikol Paşinyan da anlayır ki, əvvəlki konfrantasiyaya əsaslanan siyasət Ermənistanı təcrid vəziyyətinə salmışdı. Prezident İlham Əliyevin siyasəti isə regionu sabitliyə, inkişaf və rifaha aparır. Bu gün Azərbaycan Cənubi Qafqazda sabitliyin, iqtisadi inkişafın və təhlükəsizliyinin təminatçısıdır”, -deyə, ekspert əlavə edib.
Rasim Babayev