25 sentyabr

Paşinyan Ermənistanı yeniləyir - Dövlət brendinqində yenilik - ŞƏRH

Ermənistanın Baş naziri Nikol Paşinyanın partiya iclasında çıxışı və yeni dördüncü respublikanın elanına hazırlaşması ölkədə birmənalı qarşılanmayıb. Hökumət başçısının bu çıxışı dövlət brendinqi sahəsində strateji yenilik sayılır. Bu, eyni zamanda 8 avqust tarixində Vaşinqtonda imzalanmış üçtərəfli bəyanata görə Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasına başlamasından xəbər verir. Eyni zamanda hakim partiya və hökumət artıq dərk edir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan regionda sülh və inkişaf mümkün deyil. Konkret olaraq, Ermənistanın inkişafı Rusiyadan asılılığını azaltması, beynəlxalq və regional layihələrə qoşulması məhz Azərbaycanla imzalanacaq sülh müqaviləsindən, bunun nəticəsində də Türkiyə ilə münasibətləri normallaşdırmasından keçir. Artıq bu istiqamətdə addımlar atılır, açıqlamalar verilir.

Nikol Paşinyan artıq son çıxışlarında konkret olaraq tezislərini sülh üzərində qurub və XİN rəsmiləri də müqavilənin imzalanması ilə bağlı danışıqlara başlamağa hazır olduqlarını vurğulayırlar. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı şərti hələ icra edilməyib. Qeyd edək ki, dünən artıq Ermənistan konstitusiyası ilə bağlı iclas keçirilib və paralel olaraq, Baş nazir dəyişikliyin anonsunu verib. Düzdür, dəqiq tarix göstərilməsə də, Ermənistanda gedən siyasi prosesləri izləyəndə aydın olur ki, müxalifətin, erməni diasporunun və kilsənin təzyiqlərini nəzərə alsaq, dəyişikliyin 2026-cı il seçkilərindən sonra reallaşacağını düşünmək olar. Hər halda Paşinyan özünü sığortalayaraq, bu addımı seçki ərəfəsində reallaşdırmaqdan çəkinir. Çünki Kremlin dəstəklədiyi müxalif qüvvələr vəziyyəti daha da qəlizləşdirib küçə qarşıdurmalarına, gərginliyə səbəb ola bilər. Bu isə seçki ərəfəsində hakim komanda üçün arzuolunan deyil.

Bununla belə, Ermənistan Ağrı dağının təsvirinin ölkəyə girişdə pasportlara vurulan möhürdən yığışdırılması ilə bağlı qərar qəbul edib. 1 noyabr tarixindən qüvvəyə minəcək olan bu qərar Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün atılan addım sayıla bilər. Bununla da Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından vaz keçmiş sayılır. Heç bir zaman Ermənistanın ərazisi olmayan Ağrı dağının təsvirinin möhürlərdən yığışdırılması artıq müxalifətin əlində spekulyasiya alətinə çevrilib. Bununla belə, Baş nazir açıqlama verərək bu gün Ermənistanda uşaqların 70 faizinin Ağrı dağının harada yerləşdiyindən xəbərsiz olduğunu bildirib. Bu, xalqa sırınan xəstə ideologiyanın çürüdüyündən xəbər verir.

Eyni zamanda qeyd etmək lazımdır ki, Baş nazirin dördüncü respublika elanı ilə bağlı açıqlaması müxalifətdə ciddi rezonansa səbəb olub. Xüsusən də Robert Köçəryan, Serj Sarqsyan və Levon Ter-Petrosyan Paşinyanı tənqid etmək üçün səfərbər olublar. Paşinyanın üçüncü respublika və xüsusən də Petrosyanla bağlı açıqlaması əslində onların qəsbkar, işğalçı olduqlarını bir daha üzə çıxarır. Ekslərin qorxusu isə belə bir vəziyyətin onları Bakı həbsxanalarına aparması ehtimalı ilə bağlıdır. Çünki Azərbaycana qarşı qeyri-qanuni əməl törədənlərin gec-tez ədalət qarşısında cavab verdiyi artıq reallıqdır. Bu reallıq da eks-prezidentlərin yuxusuna haram qatıb.

Hikmət Həsənov

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?