24 sentyabr

Rövşən İbrahimov: "Ermənistanda seçkilərin nəticəsi sülh gündəmini dəyişməyəcək" - AÇIQLAMA

"Azərbaycan üçün Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələri xüsusi əhəmiyyət daşımır".

Bunu təhlil.az saytına Hankuk Regional Araşdırmalar Universitetinin (Cənubi Koreya) professoru, doktor Rövşən İbrahimov açıqlamasında deyib. 

O bildirib ki, əgər İrəvan Bakı ilə sülh gündəmini davam etdirmək istəyirsə, Azərbaycan buna hazırdır və əlini uzadacaq: "Əks halda, bu nə Azərbaycana xeyir, nə də ziyan gətirəcək. Amma Ermənistan üçün nəticələr mənfi olacaq". 

Onun sözlərinə görə, Ermənistanda bəzi müxalif qüvvələr hələ də “Qarabağa qayıdacağıq” şüarları səsləndirirlər:

"Amma bu, reallıqdan uzaq bir mövqedir. Çünki belə çağırışlar əsasən Ermənistanda yaşamayan, diaspor mühitindən səslənir. Onlar özləri müharibəyə qatılmayacaqlarını bilə-bilə, ölkədəki gəncləri qarşıdurmaya təhrik edirlər. Bu gün həmin “urapatriotlar” sosial şəbəkələrdən başqalarına dərs keçirlər. Baş nazir Nikol Paşinyan isə belə neqativ ssenarilərin qarşısını almağa çalışır. Onun əsas hədəfi Ermənistanı kənar qüvvələrin, xüsusən də Rusiya və erməni kilsəsinin müdaxiləsi ilə qeyri-stabil vəziyyətə gətirəcək planların həyata keçməsinə imkan verməməkdir. Sirr deyil ki, Moskva Paşinyanın partiyası “Vətəndaş müqaviləsi”nin parlament seçkilərində qələbəsinin qarşısını almaq və Ermənistanda dövlət çevrilişi təşkil etmək niyyətindədir". 

R. İbrahimov qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında eskalasiya müşahidə olunmur: 

"Sərhəddə atəşkəs uzun müddətdir qorunur. Paşinyan tez-tez sərhəd kəndlərinə baş çəkir, orada azərbaycanlı və erməni sərhədçilər yalnız yüngül silahlarla xidmət aparırlar. Bu isə onu göstərir ki, tərəflər sərhədin uzunmüddətli olacağını qəbul edirlər.

İki ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələrinin qarşılıqlı səfərləri artıq başlayıb və gələcəkdə bunun daha geniş yayılacağı gözlənilir. Bu səfərlər sülh niyyətlərinin davamlı olduğunun simvolu kimi dəyərləndirilir. Eləcə də BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü bu istiqamətdə mühüm addımlardan biridir". 

Rasim Babayev 

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?