Trampın Ukrayna siyasəti dəyişirmi? - TƏHLİL

Son dövrlərdə ABŞ-nin siyasi dairələrində Ukrayna müharibəsi ilə bağlı yaranan yeni fikirlər beynəlxalq ictimaiyyətin diqqətini çəkib. The Telegraph qəzetinin təhlili və Ukrayna prezidenti Volodimir Zelenskinin bəyanatları, Trampın münaqişəyə dair mövqeyinin əvvəlki ritorikasından fərqləndiyini göstərir. Təhlillərə görə, Tramp Ukraynaya yeni dəstək və Rusiyaya qarşı fəaliyyətləri artırmaq əvəzinə, məsuliyyəti daha çox Avropa və NATO-nun üzərinə atır. Onun yeganə öhdəliyi müttəfiqlərə silah satışını davam etdirməkdir. Lakin bu addımların oyunun gedişatını əsaslı şəkildə dəyişəcəyinə dair heç bir əlamət yoxdur. Silah yardımı əvəzinə silah satıb ödənişi Avropa ölkələrinin üzərinə qoymaqla Tramp ABŞ iqtisadiyyatını daha da gücləndirir.
Zelenski Fox News-a verdiyi müsahibədə Trampın ərazi məsələsindəki mövqeyinin dəyişdiyini vurğulayıb. Əvvəllər Tramp sülhə nail olmaq üçün Kiyevin ərazi güzəştlərinə getməli olduğunu, hətta ərazi mübadiləsinin mümkünlüyünü irəli sürmüşdü. Lakin Zelenski hesab edir ki, hazırda Tramp ərazilərin sadəcə mübadiləsinin ədalətsiz və qeyri-mümkün olduğunu başa düşür. Bu dəyişiklik Zelenskinin özünü də təəccübləndirmiş və onun Trampın ritorikasındakı çevikliyə işarə etməsinə səbəb olmuşdur.
ABŞ-nin Dövlət Katibi Marko Rubio son çıxışında Trampın qərar qəbul etmə prosesinin səbirlə irəlilədiyini və hər bir addımı strateji olaraq planlaşdırdığını iddia edir. Bu kontekstdə, Trampın Ukraynaya dəstək yükünü Avropaya yönəltməsi sadəcə "əllərini çəkməsi" deyil, həm də gələcəkdə Kiyevə yardım etmək üçün Avropanın öz məsuliyyətini daha dərindən hiss etməsini təmin etmək üçün strateji bir manevr ola bilər.
Zelenski eyni zamanda, Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinin müharibəyə dair mövqeyinə təsir edə biləcək nüfuzlu bir şəxs olduğunu da qeyd edib. O, Pekinin münaqişənin sonlanmasına can atdığına dair əlamətlərin olmadığını və istəsə Çinin Rusiyaya təzyiq göstərə biləcəyini vurğulayıb. Lakin Pekin özünü münaqişə tərəfi hesab etmir və vəziyyətin diplomatik yollarla həlli üçün səy göstərdiyini iddia edir.
Trampın ritorikasında müşahidə edilən bu dəyişikliklərə baxmayaraq, Rusiya rəsmiləri ərazi mübadiləsi ideyasını heç bir zaman müzakirə etmədiklərini bəyan ediblər. Bu, münaqişənin həlli yolunda danışıqların hələ də çox mürəkkəb və fikir ayrılıqları ilə dolu olduğunu göstərir. Trampın Avropa ölkələrinin Ukraynaya "itirilmiş ərazilərini geri qaytarmağa" kömək edəcəyi barədəki son bəyanatları, eyni zamanda, daha da çox irəliyə biləcəyini qeyd etməsi onun mövqeyində ikili yanaşmanı əks etdirir: bir tərəfdən Avropanı məsuliyyətə cəlb etmək, digər tərəfdən isə Ukraynaya müəyyən dərəcədə dəstək göstərmək.
Nəticə olaraq, Trampın Ukrayna müharibəsinə dair mövqeyi sadəcə "müharibədən əllərini çəkmək" deyil, daha çox regional və beynəlxalq güc dinamikasını yenidən formalaşdırmaq məqsədi daşıyan mürəkkəb bir strategiya kimi qiymətləndirilə bilər. Uzun müddət davam edən hərbi münaqişələr nəticəsində Rusiyanın həm iqtisadi, həm də hərbi potensialı əhəmiyyətli dərəcədə zəifləyə bilər. Bu proses, Avropanın müdafiə xərclərinin artması fonunda xüsusilə diqqət çəkir. Belə ki, ABŞ Ukraynaya hərbi yardım göstərməklə silah satışından əhəmiyyətli gəlir əldə edir. Eyni zamanda, Avropa ölkələri bu silahların maliyyələşdirilməsi ilə iqtisadi yük daşıyır ki, bu da onların ABŞ-dən asılılığını daha da artıra bilər.
Münaqişənin mürəkkəb və dinamik xarakteri onun yaxın gələcəkdə hərbi və ya siyasi yollarla tam həllinin çətin olacağına işarə edir. Baş verən hadisələr qlobal güc münasibətlərində yeni bir balansı ortaya qoyur. Bu vəziyyət, müharibənin tərəfləri arasında yalnız hərbi deyil, həm də iqtisadi və siyasi müstəvilərdə dərin qarşıdurmaların davam edəcəyini göstərir.
Azadxan Axundov